ABŞ 33 minlik ordusunu Əfqanıstandan çıxardı

ABŞ 33 minlik ordusunu Əfqanıstandan çıxardı

21 Sentyabr 2012 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ rəhbərliyi 3 il əvvəl prezident Barak Obamanın sərəncamı ilə Əfqanıstana göndərilmiş 33 minlik hərbi kontingentini bu ölkədən çıxarıb. İnterfax-ın ABŞ Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, 2012-ci ilin iyul ayında başlanan proses artıq başa çatıb.

Xatırladaq ki, Barak Obama 2009-cu ildə koalisiyadan olan müttəfiqlərin hərbi kontingentinə yardım məqsədilə bu ölkəyə əlavə 33 min əsgər göndərmişdi. Nəticədə, "Taliban" qüvvələri ölkənin cənubundan və cənub-qərbi ərazilərindən sıxışdırılıb çıxarıldı.

Hazırda Əfqanıstanda 68 min ABŞ hərbçisi və 40 min digər ölkələrin hərbi qulluqçuları qalmaqdadır. Beynəlxalq hərbi qüvvələrin ölkədən mərhələli şəkildə çıxarılması və təhlükəsizlik məsələlərinin tədricən yerli ordu və polis hissələrinə verilməsi nəzərdə tutulur. NATO dövlətlərinin rəhbərləri 2013-cü ilin ortalarına qədər səlahiyyətlərini yerli hüquq-mühafizə orqanlarına təhvil verməyi və 2014-cü ilin sonuna qədər Əfqanıstanı azad etməyi nəzərdə tuturlar.

O.M.