
VİDEO: Həbsxanalarda işgəncə kadrları Gürcüstanı ayağa qaldırdı
Srağagündən bəri bütün Gürcüstan təlatüm içərisindədir. Vətəndaşlar Tiflisin 8 saylı Qldan cəzaçəkmə müəssisəsində dustaqların mütəmadi olaraq işgəncələrə məruz qaldıqları barədə video kadrlardan hiddətləniblər. Etiraz dalğaları 18 sentyabr axşamından bu günə qədər səngimək bilmir.
Prezident Mixail Şaakaşvilinin sərəncamı ilə dünəndən bəri dustaqlarla yaxınları arasında görüşlərin keçirilməsinə icazə verilib. Məqsəd cəzaçəkmə müəssisələrində mövcud vəziyyəti obyektiv şəkildə qiymətləndirməkdir. Prezidentin eyni sərəncamı ilə penitensiar xidmətin bütün cəzaçəkmə müəssisələrinin mühafizəsi polis patrul xidmətinə həvalə olunub. Həmçinin həbsxanalarda Xalq müdafiəçiləri aparatının monitorinqi keçirilir.
Qeyd edək ki, dünən gecədən bəri Gürcüstanda tələbələr və "Gürcü xəyalı" müxalifət koalisiyasının üzvləri müddətsiz etiraz aksiyası keçirilər. Onlar daxili işlər naziri Baço Axalayın istefasını tələb edirlər. Etiraz aksiyaları bu gün də tam gücü ilə davam edir.
Xatırladaq ki, 18-19 sentyabr tarixlərində Gürcüstanın müxalifətyönlü "Maestro" və "TV-9" televiziya kanallarında Tiflisin 8 saylı Qldan cəzaçəkmə müəssisəsində işgəncələri əks etdirən kadrlar yayımlanıb. Həmin kadrlar adıçəkilən həbsxananın sabiq əməkdaşı Vladimir Bedukadze tərəfindən gizli şəkildə lentə alınıb. Kadrlarda bir dustağın cinsi təcavüzə məruz qaldığı, digər dustağın isə 20 həbsxana əməkdaşı tərəfindən döyüldüyü əks olunub. Vladimir Bedukadzenin fikrincə, bu cür halları ölkənin bütün həbsxanalarında müşahidə etmək olar. Belə ki, işgəncə əməlləri daxili işlər naziri Baço Axalayın birbaşa tapşırığı ilə həyata keçirilir və bundan cəzaların icrası üzrə nazir Xatuna Kalmaxelidze xəbərdardır.
O.M.