Pakistanda Mehriban Əliyeva adına qızlar məktəbi açıldı

Pakistanda Mehriban Əliyeva adına qızlar məktəbi açıldı

19 Sentyabr 2012 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilmiş və 2012-ci ildə yenidən əsaslı təmir olunmuş, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilib. Sentyabrın 18-də keçirilən mərasimdə Pakistanın təhsil naziri Sadıq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, Millət vəkili Sədəf Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, eləcə də media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov M.Əliyevanın Azərbaycanda və Pakistanda, həmçinin digər xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib, adıçəkilən məktəbin ərazisinin genişləndirilərək əsaslı təmir olunduğunu diqqətə çatdırıb.
Səfir həmçinin, məktəbin 5 əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüdlərin ayrıldığını da bildirib.
Pakistanın təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu qeyd edib, təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 500 nəfərlik müasir məktəbin inşa olunduğunu vurğulayıb. Sadiq Dar görülən işlərə görə M. Əliyevaya minnətdarlığını bildirib, Azərbaycanın birinci xanımının Pakistan xalqına, xüsusən də uşaqlara göstərdiyi qayğını yüksək dəyərləndirən Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə məhz Mehriban Əliyevanın adının verilməsi barədə qərarı diqqətə çatdırıb.
Tədbirin sonunda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən İslamabadda dərc edilmiş kitablar və iki ədəd kompüter hədiyyə edilib.

O.M.