"Təhsil və karyera" sərgisi açılacaq

"Təhsil və karyera" sərgisi açılacaq

19 Sentyabr 2012 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

20-22 sentyabrda "Bakı Ekspo"da 6-cı Azərbaycan beynəlxalq "Təhsil və karyera" sərgisi keçiriləcək. "Təhsil və karyera" sərgisi yuxarı sinif şagirdləri və onların valideynləri, abituriyent və tələbələr, əlavə ixtisas dərəcəsi qazanmağa və karyera qurmağa kömək edir. Sərgi dövlət səviyyəsində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunur.

Bu il sərgi Azərbaycan, İsveçrə, Böyük Britaniya, Koreya, Almaniya, Çexiya, İtaliya, Kanada, Litva, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Malayziya, Belarus, Macarıstan və Kipri təmsil edən 100-dən çox nüfuzlu təhsil müəssisəsi və təşkilatını bir məkanda toplayacaq. Azərbaycanın təhsil sistemi paytaxt və rayonların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təmsil olunacaq.

"Təhsil və karyera" 6-cı Azərbaycan Beynəlxalq Sərgisi çərçivəsində "Ukraynanın təhsil sistemi" təqdimatı olacaq. Təqdimat sentyabrın 21-i saat 14.00-dan 17-dək, "Bakı Ekspo Mərkəzi"nin konfrans zalında keçiriləcək. Təqdimatda Ukraynada ali təhsil almanın əsas aspektləri açıqlanacaq.

Ukraynada müxtəlif akkreditasiya dərəcələrinə malik 800-dən artıq ali təhsil müəssisəsi: universitetlər, akademiyalar, institutlar, konservatoriyalar (musiqi akademiyaları), kolleclər və texnikumlar - mütəxəssislər hazırlayır. Ukrayna, xarici tələbələrin ümumi sayına görə dünya ölkələrinin onluğuna daxildir və hazırda Ukraynada 53 min xarici ölkə vətəndaşı təhsil alır ki, bu da xaricilər üçün beynəlxalq təhsil xidmətləri bazarının 1,5%-ni təşkil edir. Ümumilikdə Ukraynada 130 ölkədən olan tələbələr təhsil alırlar. Burada işirakçılar Ukrayna diplomu ilə peşəkar fəaliyyətə başlama və ya dünyanın istənilən digər ölkəsində təhsilinizi davam etdirmək imkanları haqda da öyrənə bilər.

O.M.