
Qəzaya düşmüş hərbçilərin adları açıqlanıb
Bakıda hərbçilərin avtoqəzaya düşməsindən iki gün ötsə də, hadisə aktuallığını itirməyib. Biri zabit olmaqla 8 nəfərin xəsarət aldığı hadisə sentyabrın 17-dən 18-ə keçən gecə paytaxtın Şəfayət Mehdiyev küçəsində baş vermişdi. Müdafiə Nazirliyinin Bakıda yerləşən "N" saylı hərbi hissəsinə məxsus "UAZ" markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən, Elçin Qəmbərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşmuşdu. Qəzaya "Mercedes"in işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirməsi səbəb olmuşdu. Nəticədə hərbi maşında olan bir neçə hərbi qulluqçu xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər. Əlavə edək ki, yaralılardan biri "N" saylı hərbi hissənin tibb xidməti rəisi, mayor Qədir İsayevdir. Digər yaralananlar isə əsgərlər - Emil Tağıyev, Fəxrəddin Şıxıyev, Xəlil Rzayev, Hüseyn Həsənov, Coşqun Ramazanov, İntizar Rəcəbov və Kənan Abdullazadədir.
O.M.