
Azərbaycanda tanınmış jurnalistlərin övladları şagird oldu
15 sentyabr tarixində ölkəmizdə minlərlə uşaq şagird adını qazanıb. Bu hadisəyə balacalardan çox onların valideynləri seviniblər. Övladlarını məktəbə yola salan valideynlərin sevinci sosial şəbəkələrə də yansıyıb.
Gün.Az xəbər verir ki, bu il birinci sinif şagirdi adını alan məktəblilərin valideynləri arasında tanınmış simalar da az deyil. APA Group-un baş direktoru Vüsalə Mahirqızının qızı Sara da bu il məktəbə gedənlərdəndir. Vüsalə xanım sevincini Facebook dostlarıyla bölüşüb və Saranın məktəbdə çəkilən fotosunu yayımlayıb. "Məktəbli olduq" adıyla paylaşılan fotoya qısa müddət ərzində 100-dən çox "layk" gəlib.
Tanınmış telejurnalist, Publika.Az informasiya portalının baş redaktoru Elçin Əlibəylinin məşhur "Cinbala"sı da məktəbə qədəm qoyanlardan olub. Hamının "Bakcell"in reklam çarxlarından "Cinbala" kimi tanıdığı Günçin Əlibəyli Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə oxuyacaq.
"Oxu Məni" qəzetinin baş redaktoru Natiq Qocamanın qızı Banu isə Nəsimi rayonunda yerləşən 54 saylı məktəbə gedib. Atası qızının bir neçə fotosunu Facebook-da paylaşıb və bildirib ki, Banu artıq ilk müsahibəsini məktəbin qarşısında jurnalistlərə verib.
Mərhum jurnalist Şahin Ağabəylinin oğlu Ağasalam Ağabəyli də məktəbə gedənlər sırasında olub. Hətta o, məktəbdə ilk zəngi vuran olub. Ağasalamın fotosunu isə mərhumun jurnalist dostları Facebook-da paylaşıb.
Azərbaycanda jurnalistlərlə yanaşı, siyasətçilərin də övladları məktəbə qədəm qoyub. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, prezidentin 2003 və 2008-ci illərdə vəkili olmuş Elşən Musayevin qızı da məktəbə gedib. Partiya sədri bu xəbərə "Biz beləcə böyüdük və artıq məktəbə gedirik" şərhini verib.
"Bilik Günü" Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova üçün də əlamətdar olub. Universitetdə minlərlə tələbəni qarşılayan Pərvanə xanımın oğlu Ərhan birinci sinfə qədəm qoyub.
Sonda bütün valideynləri, şagirdləri, tələbələri yeni başlayan tədris iliylə bağlı təbrik edir və uğurlar arzulayırıq.
Hacıbəy Heydərli
O.M.