“Canbala” körpə futbol məktəbi Jirinovskinin cavabını verdi

“Canbala” körpə futbol məktəbi Jirinovskinin cavabını verdi

17 Sentyabr 2012 14:50
Bəyəndim (0) Bəyənmədim (0)
Körpələr rusiyalı deputatı terrora yox, göyərçin uçurtmağa dəvət etdilər

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Ermənistan xüsusi xidmət orqanlarını Azərbaycan və azərbaycanlılara qarşı terrora çağırması ölkəmizdə birmənalı qarşılanmayıb. Siyasətçilər artıq öz fikirlərini bəyan ediblər. Rusiyalı siyasətçinin çıxışını sərsəm təxəyyülün məhsulu kimi qiymətləndirənlər də olub, onu terrora çağırışda ittiham edənlər də. Maraqlıdır ki, Azərbaycan körpələri də bu məsələdən kənarda qalmayıblar. Belə ki, yenicə yaranmasına baxmayaraq, ölkəmizdə populyarlaşmağa başlayan "Canbala" körpə futbol məktəbinin üzvləri Vladimir Jirinovskinin aqressiv çıxışına bəyanatla cavab veriblər:

"Cənab Jirinovski! Bir zamanlar azərbaycanlılar Rusiya Dövlət Dumasında obyektiv çıxışlarınıza görə sizə rəğbət bəsləyirdilər. Lakin sizin son çıxışlarınızın birində erməniləri Azərbaycana qarşı terrora dəvət etməyiniz bizləri təəccübləndirdi. Biz "Canbala" körpə futbol klubu olaraq sizin çıxışınızı kəskin qınayırıq və insanlığa sığmayan bir addım kimi dəyərləndirdik. Bizim yaşlı insanlarımız, hətta 3 yaşlı körpə futbolçularımız da bilir ki, azərbaycanlıların heç vaxt heç kimin torpaqlarında gözü olmayıb, əksinə, bizim yurdumuzu, vətənimizi işğal ediblər.

İndi isə günü gündən inkişaf edən ölkəmizin uğurlarını həzm etməyi bacarın. Onu da unutmayın ki, siz də bütün dünyadakı insanlar kimi ətdən və sümükdən ibarətsiniz və ən uzağı 20-30 ilə qədər tam qocalıb öləcəksiniz. O zaman öz əməllərinizlə vicdanınız qarşısında cavab verəcəksiniz.

Bizim 3-8 yaşlı körpə futbol məktəbinin simvolu göyərçindir, sülh göyərçini. Siz erməniləri bizə qarşı terrora, biz isə sizi məktəbimizin önündə sülh göyərçinlərini bizimlə birlikdə səmaya qaldırmağa dəvət edirik. Təklifimizi ciddi qəbul edin. Buyurun gəlin, qoy sizin körpələrə olan sevginizi, lütfkarlığınızı bütün dünya alqışlasın. Siz bu lütfkarlığı bacararsınızmı?!"

O.M.