Yeni dərs ili başlandı!

Yeni dərs ili başlandı!

15 Sentyabr 2012 09:00
Bəyəndim (0) Bəyənmədim (0)
Orta məktəblərdə əsasən beş günlük dərs cədvəli tətbiq olunacaq

Bu gün Bilik günüdür. Bilik günü Azərbaycan məktəblərində dərslərin başladığı gün kimi qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü kimi elan edilmişdir. Əlavə edək ki, bu gün şənbə gününə təsadüf etdiyindən ibtidai siniflərdə dərslər tanışlıq xarakteri daşıyıb. Beş günlük dərs cədvəli üzrə ilk dərslər bazar günündən etibarən başlayacaq.

Təhsil Nazirliyinə istinadən, bu il ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbulu planlaşdırılıb. 2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində120032 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagird qəbul edilib. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub.

Qeyd edək ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilir. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılaraq, müvafiq qərar verilir.

Respublika üzrə ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib və 2012-2013-cü dərs ilindən şagirdlərin istifadəsinə veriləcək. Bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub. Təhsil Nazirliyi tərəfindən 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb.

O.M.