
Hacıqabulda idarəetməni itirən sürücü avtomobili kanala aşırıb
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Apa-ya verilən məlumata görə, hadisə gecə saat 00.01 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində qeydə alınıb. Sabirabad rayonunun Qəzli kənd sakini 1967-ci il təvəllüdlü Mehrəli Baxşəli oğlu Zülfüqarov idarə etdiyi VAZ -2106 markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın qoruyucu bəndi aşaraq su kanalına yuvarlanıb. Hadisə zamanı sürücü və avtomobildəki sərnişinlər, Qəzli kəndinin sakinləri - 1962-ci il təvəllüdlü Ələsgər Məhəmməd oğlu Nuriyev və onun oğlu 2007-ci il təvəllüdlü İzzət Nuriyev hadisə yerində ölüblər. Ələsgər Nuriyevin həyat yoldaşı, 1970-ci il təvəllüdlü Gülnar Abbasəli qızı Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı BDYP istintaq və təhqiqat idarəsində araşdırma aparılır.
O.M.