
Bakı-Quba -Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun üzərindəki körpü dağılıb
Bakı-Quba -Rusiya federasiyası dövlət sərhəddi avtomobil yolunun 177-ci km-də Quruçay üzərində yerləşən körpü dağılıb. 2 aşırımlı 40 metr uzunluğu olan körpünün 20 metrdən çox hissəsi dayaq sütunları üzərindən qırılaraq çaya düşüb. Hadisə baş verən zaman körpünün üzərində avtomobil olmadığından xəsarət alan olmayıb. Ərazi dərhal Quba rayon 6 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və tez bir zamanda alternativ yol çəkilərək avtomobillərin hərəkəti bərpa edilib. 6 Saylı Yİİ-nin rəisi Aydəmir Manafovun RTV-yə bildirib ki, körpü istismar müddətini bitirdiyindən yararsız hala düşüb. Nəqliyyat qovşağı inşa olunan zaman maksimum 30 ton ağırlıqlı yük avtomobillərinin hərəkətinə hesablanılıb. Amma buna baxmayaraq körpüdə 80-100 ton ağırlığında yük avtomobilləri hərəkət edib ki, bu da dağılmaya gətirib çıxarıb. Hazırda nəqliyyat qovşağının təmir olunması işləri həyata keçirilir. Ərazidə yeni körpünün tikilməsi məsələsi müzakirə olunur.
O.M.