Azərbaycanlı alimlər Avropada
Azərbaycanlı gənc alimlər səs çoxluğu ilə Avropa gənc alimlər cəmiyyətinə üzv seçiliblər. Azərbaycanlı nümayəndə heyəti artıq assambleyanın ilk iclasında iştirak edib.
Belə ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin prezidenti, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Litva Respublikasının Vilnüs şəhərində Avropa Gənc Alimlər Şurasının (Eurodoc) Baş Assambleyasının İllik Yığıncağında iştirak edib.
Tədbirin açılışında tanışlıq görüşü və ölkələrin təqdimatları keçirilib. Avropa Gənc Alimlər Şurasının Baş Assambleyasının İllik Toplantısı öz işinə başlayıb. Tədbirdə Litva Respublikasının Elm və Təhsil naziri cənab Gintaras Stepanoviç, Litva Gənc Alimlər Birliyinin prezidenti cənab Piotras Cimmperman və Avropa Gənc Alimlər Şurasının Prezidenti xanım İzabella Stanislaviç açılış nitqi ilə çıxış ediblər.
Həmçinin, İllik Toplantıda Şuranın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi, yeni İdarə Heyətinin, Katibliyin və maliyyə komissiyasının seçilməsi məsələləri də müzakirə edilib. Yeni İdarə Heyəti və digər seçkili qurumlara nümayəndələr seçilib. Fransa Gənc Alimlər Konfederasiyasının prezidenti Lüdovik Qarattini Avropa Gənc Alimlər Şurasının yeni prezidenti seçilib.
İllik toplantının sonunda Polşada keçiriləcək növbəti 2012-ci il üçün Baş Assambleyanın illik yığıncağına hazırlıq, təşkilatın gələcək fəaliyyəti ilə bağlı planlar, üzv dövlətlərin aktivliyi məsələləri də müzakirə edilib.
Göründüyü kimi, çox oxuyan alim olmaz, çox gəzən alim olar...
Elvin Babayev
O.M.