Qaradağda baş verən qəzada 41 yaralı və ölənlər var-YENİLƏNİB
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend -ə bildirib ki, hadisə nəticəsində ən azı 7 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Əliyev bildirib ki, qəzaya səbəb sərnişin avtobusunun qatarın yoluna çıxmasıdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, qəza nəticəsində 41 nəfər yaralanıb. Bunlardan 32 nəfəri Kliniki Tibbi Mərkəzə, 9-u isə Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna gətirilib. Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna gətirilən xəstələrin 8-nə ambulator yardım göstərilərək evə buraxılıb, bir nəfər isə müalicə olunur. Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrin 8-nin vəziyyəti ağırdır. Qədirli bildirib ki, qəza nəticəsində ölənlərin sayı ən azı 5-6 nəfərdir.
Kliniki Tibbi Mərkəzin baş həkim Tərlan Bəbirov Trend-ə bildirib ki, xəstəxanaya daxil olan 35 nəfərdən biri meyit olub, bu şəxs qadın olub. Qalan 2 nəfər xəstəxanada əməliyyat zamanı ölüb. Bunlar kişilər olub.
Qaradağ Rayon Prokurorluğundan isə Trend-ə bildiriblər ki, qəza nəticəsində avtobus sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
O.M.