Azərbaycanda dəhşətli qəza: qatar avtobus ilə toqquşub

Azərbaycanda dəhşətli qəza: qatar avtobus ilə toqquşub

31 Avqust 2012 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda sərnişin qatarı avtobusla toqquşub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Apa-ya verdiyi məlumata görə, 31 avqust 2012-ci ildə Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07.30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində sərnişinlər arasında ölənlər və xəsarət alanlar var.
Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat"ın tələblərinə uyğun olması müəyyən edilib.
Hadisənin baş verməsinə səbəb, sürücü tərəfindən "Yol hərəkəti haqqında" qanunun tələblərinin pozulması olub.
Respublika Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 12 nəfərə qədər insan yaralanıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Nəqliyyatda Baş Dövlət Yol Polisi İdarəsindən qəza nəticəsində ölənlərin sayının 7 nəfərə çatdığı bildirilib.

O.M.