BMT Təhlükəsizlik Şurasının üzvləri bir araya gəlib

BMT Təhlükəsizlik Şurasının üzvləri bir araya gəlib

28 Aprel 2011 09:48
Bəyəndim (0) Bəyənmədim (0)


BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyadakı hadisələrlə bağlı bəyanat qəbul edə bilməyiblər.

Suriyadakı vəziyyətə dair BMT TŞ-nın iclasının keçirilməsi təşəbbüsü ilə bir sıra Qərb ölkələri çıxış ediblər. Məhz bu ölkələr Suriya hakimiyyətinin addımlarını pisləyən bəyanatın qəbul olunmasına nail olmaq istəyiblər. Lakin bu mümkün olmayıb.


Belə ki, Rusiya, Çin və Livan bu məsələyə qarşı çıxdıqları üçün bəyanatı qəbul etmək mümkün olmayıb. Təhlükəsizlik Şurasında çıxış edən rusiyalı diplomat hər hansı müdaxilənin yol verilməz olduğunu söyləyib.


O, "Biz belə qərarlar qəbul etməklə dünya dövlətlərində sabitliyin pozulmasına və vətəndaş müharibələrinin baş qaldırmasına səbəb oluruq. Çünki BMT-nin müdaxilə edəcəyinə arxayın olan xalq kütləvi iğtişaşlara və öz ölkələrində sabitliyin pozulmasına səbəb olur. Bu yolverilməzdir", deyib.


Qeyd edək ki, Suriya lideri Bəşər Əsədə qarşı mitinq dalğası mart ayından etibarən başlamış, müxaliflərlə dialoqlar aparılmışdır. Bunun nəticəsində isə uzun müddətdir hökm sürən fövqəladə vəziyyət aradan qaldırılmışdı.


Suriyada neft olmadığı üçün çətin ki, Qərb ora ordu göndərər. Atalar demişkən, ayının min oyunu var bir armudun üstündə...


Elvin Babayev


O.M.