Saytlardan birində verilən Zaqatala meşələrinin qırılması xəbəri yalan oldu!
İnternet saytlarının birində Zaqatala meşələrinin qırılması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olub-olmadığını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən komissiya yaradılmışdır. Komissiyanın tərkibində Nazirliyin müvafiq qurumlarının əməkdaşları və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunmuşdur.
Komissiya üzvlərinin iştirakı ilə Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisinə aid olan Car meşəbəyliyinin 4, Muğanlı meşəbəyliyinin 7, Əliabad meşəbəyliyinin 2, Tala meşəbəyliyinin 3, Muxax meşəbəyliyinin 7, Danaçı meşəbəyliyinin 3 saylı dolaylarındakı ümumilikdə 3029 hektar sahədə meşələrin qorunub mühafizə olunmasını yoxlamaq məqsədilə monitorinq keçirilmişdir.
Keçirilmiş monitorinq zamanı məlumatda göstərilənlər öz təsdiqini tapmamış, meşələrin mühafizəsinin və bərpasının qənaətbəxş həyata keçirildiyi və məlumatın qərəzli şəkildə yayıldığı müəyyənləşdirilmişdir. Belə ki, baxış keçirilmiş ümumilikdə 3029 hektar sahədən cəmi 11 ədəd kiçik diametrli ağacın özbaşına kəsilməsi faktı aşkar edilmiş və komissiya üzvləri tərəfindən müvafiq akt tərtib edilərək təbiətə dəymiş 46,94 manat məbləğində ziyan təqsirkarlar tərəfindən ödənilmişdir
Bildiririk ki, Zaqatala MMBM-nin meşə fondu ərazisi 54 min hektardır, ümumi ağacların sayı isə 40 milyon ədəddən artıqdır. Bu sahədə çalışan mütəxəssislər yaxşı bilirlər ki, belə geniş ərazidə qeyd olunan miqdarda ağacın kəsilməsi kütləvi qırıntı kimi səciyyələndirilə bilməz.
Monitorinq qrupunun apardığı araşdırma zamanı Zaqatala MMBM-nin ərazisində meşəbərpa tədbirlərinin həyata keçirildiyi, geniş sahələrdə ağac tingliklərinin əkildiyi və meşələrin ciddi şəkildə mühafizə olunduğu müəyyən edilmişdir.
Həmçinin, Muğanlı meşəbəyliyinin 7, Əliabad meşəbəyliyinin 6 və Danaçı meşəbəyliyinin 3 saylı dolaylarının yaşayış məntəqələrinə bitişik və yaxın sərhədlərində Zaqatala MMBM-nin əməkdaşları tərəfindən xəndək qazıldığı və ərazinin kol-kosla çəpərə alındığı da komissiya tərəfindən müəyyən olunmuşdur. Müşahidələr zamanı meşə əkini aparılmayan yerlərdə insanların fəaliyyətinin, həmçinin mal-qaranın hərəkətinin məhdudlaşdırılması hesabına milyonlarla təbii bərpadan əmələ gəlmiş ağac qeydə alınmışdır.
Qeyd olunanlarla yanaşı, rayonun Yuxarı Tala, Makov, Aşağı Tala, Əlibayramlı və Muğanlı kəndlərində mövcud olan ağac emalı sexlərinə də baxış keçirilmiş və həmin sexlərdə yerli meşə materiallarının olmadığı müəyyən edilmişdir.
Qeyd edək ki, meşələrin qorunub mühafizə olunması istiqamətində aparılmış bu cür məqsədyönlü və qəti tədbirlər, o cümlədən Azərbaycan meşələrindən xammal kimi istifadə hallarının qarşısının alınması nəticəsində ağac emalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin respublikaya idxal etdiyi ağac və ağac məhsullarının miqdarı 2002-ci ilə nisbətən 2012-ci ildə 5 dəfə artmışdır.
Beləliklə, bir sıra internet saytlarında həqiqəti əks etdirməyən məlumatları yaymış müəlliflərin, ifadə azadlığı hüququndan sui-istifadə hallarına yol verməklə oxucuları sağlam informasiya əldə etmək imkanından məhrum etdikləri bir daha aydın olur.
O.M.