Sabiq prezident Əbülfəz Elçibəyin vəsiyyəti açıqlandı

Sabiq prezident Əbülfəz Elçibəyin vəsiyyəti açıqlandı

23 Avqust 2012 13:18
Bəyəndim (0) Bəyənmədim (0)
"... Mən bunu cəmiyyətdən gizlədirdim ki, müəyyən işləri görə bilim”

Hazırda ölkə gündəmini məşğul edən məsələ Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi ilə bağlı iddia əsasında Bakı Şəhər Prokurorluğunda qaldırılmış cinayət işidir. Böyük müəmmalara və mübahisələrə səbəb olan mövzu ilə bağlı indi həm hüquq-mühafizə orqanlarında, həm də mediada araşdırmalar gedir. Modern.az bu yöndə araşdırmaları əsnasında Əbülfəz Elçibəyin ölümünə gətirib çıxarmış səbəblər haqqında mərhum eks-prezidentin özünün yazdığı iki məktubu əldə edib. Onları diqqətinizə çatdırırıq.

Uca Türk millətinə müraciət

- Bilirdim ki, məndə "xərçəng" xəstəliyi var. Amma mən bunu cəmiyyətdən gizlədirdim ki, müəyyən işləri görə bilim. Onu da bilmirdim ki, artıq əksəriyyət insanlar xəstəliyimi bilir və məndən ona görə gizlədiblər ki, narahat olmayım. Bu da çox pis nəticə verdi. Gərək xalq öz övladından heç nəyi gizli saxlamasın və eyni zamanda da övlad ondan heç nəyi gizlətməməlidir. Belə alındı ki, gerçəyi gizlətmək həm xalqa, həm də onun övladına heç bir xeyir vermədi.

Mən bir çox şeyləri "xalq bilib rahatsız olar, pis əhval-ruhiyyə yaranar" - deyə ondan gizlətdim.

Çox sirləri özümlə aparıram. Bunların bir çoxu açıqlanmalı idi, lakin buna zaman çatmadı. Demək olar ki, tale imkan vermədi.

Bir sıra xətalar buraxılmışdı ki, bunları aradan qaldırmaq mümkün idi. Millətim qarşısında bəzi xətalarım da olub. Xahiş edirəm, millətim məni bağışlasın. Deyəcəklər ki, üzrü sağ ikən etməli idi. Hər halda, görünür ki, tale belə məsləhət bilib.

Ayrı-ayrı şəxslər, xüsusilə də, mənə düşmən olanlar çox xoşagəlməz sözlər danışacaqlar. Ancaq mənim üçün əsas hökm Türk millətinin hökmüdür, Azərbaycan xalqının sözüdür!

Mən aydın görürəm ki, artıq həyatla vidalaşıram. Lakin bir çox ideyalarımın həyata keçdiyini görmədim. Ən başlıcası isə:

- Rusun əli ilə ermənilərin işğal etdiyi Qarabağı azad etmək istəyirdim. Bunu edə bilməsəm də mən artıq bilirəm ki, o mütləq azad olacaq!

- Azad surətdə Təbrizə getmək, onu azad görmək istəyirdim. Təbrizi azad görə bilmədim, ancaq indi elə fikirləşirəm ki, Təbrizi azad görmüşəm. Bu fikrimə "xəyaldır" deyəcəklər. Lakin elə deyil! Yaxın zamanlarda insanlar onu görəcəklər! Və onda biləcəklər ki, mənim düşündüyüm lap yaxında imiş.

Bir xalq azadlıq əldə edirsə o xalqın həyatdan köçmüş insanlarının (əlbəttə, bu azadlığı istəyən və onun uğrunda mücadilə edən insanları nəzərdə tuturam) ruhu da orada iştirak edir! Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!

Əbülfəz ELÇİBƏY,
Ankara Dövlət Xəstəxanası
19.07.2000

***

Türkiyədə və Azərbaycanda olan türk aydınlarımıza kiçik bir xatırlatma

Mən çox gec bildim ki, "xərçəng" xəstəliyinə tutulmuşam. Ancaq Siz bunu əvvəlcədən bilib məndən gizlətmişdiniz ki, mən narahatlıq hissi keçirməyim .Hətta gəlib mənimlə görüşəndə maraqlı kitablar gətirirdiniz ki, onları oxuyum. Ancaq daha yaxşı olardı ki, mənə bu həqiqəti bildirəydiniz. Nə qədər ki zaman varıydı, məsləhətləşib, heç olmazsa, gələcək milli proqramın tezislərini hazırlayaydıq. Yeni işlər görmək mümkün idi. Nə isə...

Onu da bilməliyik ki, nə qədər açıq-aydın danışa bilmirik, heç bir işimiz düzgün getməyəcək. Ona görə də mütləq demokratik cəmiyyət lazımdır ki, açıq danışıb məsələləri həll edək.

Türk millətinə ən lazım olan - mənəviyyata dayanaraq birləşə bilməkdir!

Əbülfəz ELÇİBƏY,
Ankara Dövlət Xəstəxanası
20.07.2000, saat 7:00