Xaçmazda ağır yol qəzası: 1 ölü, 1yaralı
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 94-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Apa-nın xəbərinə görə, hadisə avqustun 8-i, gecə saatlarında qeydə alınıb. Xaçmazdan Bakı istiqamətində hərəkət edən, rayonun Çinartala kənd sakini Atakişi İsaqovun idarə etdiyi, 10 HC 765 nömrə nişanlı "QAZel" markalı yük avtomobili qarşıda hərəkət edən, Bakı şəhər sakini Azər İsmayılovun idarə etdiyi 10 XA 178 nömrə nişanlı eyni markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə Atakişi İsaqovun iki oğlu, 25 yaşlı Mahir və 20 yaşlı Mais ağır yaralanıb. Qəza zamanı sürücülərin heç biri xəsarət almayıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Mahir İsaqov cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Qardaşı Mais isə, hazırda mərkəzin travmatologiya şöbəsində müalicə alır. Məlumata görə, hər iki nəqliyyat vasitəsi Bakıdakı bazarlara meyvə aparırmış. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı avtotexniki və tibbi ekspertiza təyin olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.
O.M.