Piyadalar, diqqətli olun!
Dövlət yol polisi idarəsinin apardığı araşdırmalara görə, piyadaların vurulması hadisələrinin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var. Məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 1-dən 7-dək respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Bir həftə
ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat
hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin
görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısı almaq
məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı
daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində
maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol
Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik
ərzində nümunəvi davranışla çıxış etməyə çağırıb.
Qeyd edək ki, statistik məlumatlara əsasən bu ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 43,9 faizini, Bakı şəhərində isə 58,2 faizini təşkil edib.