Təhsil Nazirliyi mətbuatın şişirdilmiş məlumatlarını təkzib etdi

Təhsil Nazirliyi mətbuatın şişirdilmiş məlumatlarını təkzib etdi

6 İyul 2012 17:13
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə nazir Misir Mərdanovun jurnalistlərlə son görüşündə verdiyi bəzi açıqlamaların mətbuatda şişirdilməsinə narazılığını bildirib. B.Hüseynzadə qeyd edib ki, nazir jurnalistlərin "Litvada müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə hansı səviyyədədir" sualına cavabı bəzi mətbuat orqanları tərəfindən müxtəlif cür hallandırılıb: "İclasdan əvvəl nazir jurnalistlərə müsahibə verdi, həmin vaxt mən də onun yanında idim. Mən həmin tədbirdə də axıra qədər iştirak etmişəm. Nazir iclasda çıxışında da bildirdi ki, Litva Respublikasından yenicə qayıdıb və jurnalistlər maraqlanıb ki, həmin ölkədə müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə necədir? Nazir də bildirib ki, bizdən təxminən iki dəfəyə yaxın üstündür. Eyni zamanda nazir deyib ki, Litva Avropa ölkəsidir, orada yaşayış səviyyəsi yüksəkdir və orada müəllimlərin əmək haqqının yüksək olması da çox təbiidir. Təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələri və bəzi jurnalistlər bu məsələni şişirtməyə və siyasiləşdirməyə çalışır, kimlərinsə maraqlarına xidmət edən məlumatlar vermək istəyirlər. Biz ölkə mətbuatında bu formada şişirdilmiş məlumatları təkzib edirik".

O.M.