
Qüdrət Həsənquliyev jurnalistlərə açıqlama verib
"Azadlıq" meydanı müxtəlif etiraz və dəstək aksiyaları
keçirmək üçün Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir.
Bu barədə jurnalistlərə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri,
deputat Qüdrət Həsənquliyev müsahibə verib.
Millət vəkili deyib ki, əgər dövlət tədbirləri keçirilmirsə, vətəndaşların
orada toplaşmasına icazə verilməlidir: "Bu gün "Azadlıq" meydanından
avtodayanacaq kimi istifadə olunur. Necə ola bilər, bu meydan avtomobil parkı
kimi yarayır, insanların toplaşması üçün yaramır?"
Millət vəkili hesab edir ki, mitinqlərin keçirilməsinə adi baxmaq lazımdır, onu
hadisəyə çevirməyə ehtiyac yoxdur.
İctimai Palatanın təşkil etdiyi aksiyalara münasibət bildirən Q. Həsənquliyev
bu qurumun aksiya təşkil etmək hüququnun olduğunu deyib: "Amma milli mənafelər
əsas götürülərək müəyyən hüquqlardan imtina olunmalıdır. İndiki mərhələdə hökumətin
mitinqlərə reaksiyasının bu cür olmasının kökündə İctimai Palatanın bunu ərəb
coğrafiyasındakı inqilablarla əlaqələndirməsi dayanır. Bu da öz növbəsində
qıcıq doğurur. Bizdə ərəb inqilablarının həyata keçirilməsi mümkün deyil. Bu
gün bəziləri camaatı mitinqə çağırır, özləri isə nələrisə əsas gətirərək
aksiyalara çıxmaqdan imtina edirlər. Bu hansı mənəvi dəyərlərə sığır? Əslində,
proseslərdə həmişə liderlər öndə olmalıdırlar, daha camaatı küçəyə çıxarıb,
özləri evlərində oturmalı deyillər".