Vəkil Abdullayevin öldürülməsindən sonra Novosibirskdə vəziyyət gərgin olaraq qalmaqda davam edir

Vəkil Abdullayevin öldürülməsindən sonra Novosibirskdə vəziyyət gərgin olaraq qalmaqda davam edir

3 İyun 2021 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Novosibirsk ətrafındakı kiçik Moşkovo qəsəbəsi Dövlət Yol Polisi inspektoru Aleksandr Qusev tərəfindən təsadüfən 19 yaşlı Vəkil Abdullayevin öldürülməsindən sonra əsl qaynar bölgəyə çevrilib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, polisin "təsadüfən" güllələdiyi Vəkil Abdullayevin qohumları qatilin yaxınlarını hədələyərək qisas alacaqlarını bildiriblər. Bundan sonra oraya Rosqvardiyanın əlavə qüvvələri göndərilib və onlar Aleksandr Qusevin qohumlarını ərazidən çıxararaq təhlükəsiz yerə aparıblar. Xatırladaq ki, rəsmi məlumata görə, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib. Bundan sonra cinayətkar polisə qarşı yeni, “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Bundan əvvəl o, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə ittiham olunurdu.

Baş verən hadisə ilə bağlı müəmmalı məsələdən biri də zərərçəkmiş tərəfin faciənin yanacaqdoldurma stansiyası yaxınlığında,qarşı tərəfin isə kafe ətrafında baş verdiyinin iddia etməsidir. Ancaq yayılan şəkillərdən aydın görünür ki, faciə yanacaqdoldurma stansiyası ətrafında baş verib.

Onu da deyək ki, Vəkil Abdullayevin atası Novosibirskdə Azərbaycan diasporunun hörmətli şəxslərindən sayılır və o, böyük mağazalar şəbəkəsinə malikdir. Azərbaycan diasporunun üzvləri baş verən hadisə ilə bağlı etiraz aksiyası keçiriblər. Buna cavab olaraq yerli əhali 12 min imza toplayaraq Qusevin günahsız olduğunu bildiriblər. Onlar hüquq-mühafizə orqanlarından qatilin azad edilməsini tələb edirlər və baş verənlərdə öldürülən Vəkil Abdullayevi günahlandırırlar. Hələlik Azərbaycan diasporunun rəhbərləri Novosibirskdə yaşayan azərbaycanlıları sakitliyə dəvət ediblər və onları təxribatlara uymamağa çağırırlar.

Emin Axund

ı.