Aybəniz Haşımova "Bu şəhərdə"nin müdafiəsinə qalxdı!

Aybəniz Haşımova "Bu şəhərdə"nin müdafiəsinə qalxdı!

11 Dekabr 2012 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
"Rəfaellə Coşqun xalqa xidmət edirlər!"

"Bu şəhərdə" aktyorlarının Azercell-in reklam çarxında qadın obrazında çəkilmələri bəzilərinin narahatçılığına səbəb olub. Onların arasında millət vəkili Fazil Mustafanın adını xüsusilə qeyd etmək lazımdır. Fazil müəllim o qədər narazı qalıb ki, hətta daxilində baş qaldırmış vulkan püskürtüsü barədə şəhər meriyasına da məktub ünvanlayıb. O, bu məktubda Həcc ziyarətində olmuş Rəfael və Coşqunun çəkildikləri reklam çarxından şikayətlənərək, etirazını bildirib və tezliklə bu reklamların şəhərdən yığışdırılmasını tələb edib.

Bakı şəhər İcra Hakimiyyətinin əvəzinə F.Mustafaya "Bu şəhərdə"nin rəhbəri Müşfiq Abbasovdan cavab gəlib. Belə ki, o, Facebook sosial şəbəkəsi vasitəsilə millət vəkilinə iradını bildirib: "Statusuna hörmət etdiyim Fazil müəllim, nəzərinizə catdiriram ki, Raykindən, Xazanovdan və Zadornovdan istedadina görə hec də geri qalmayan Dastin Hoffman, Toni Körtis, Cek Lemmon,Vladimir Vinokur, Ilya Oleynikov,Yuriy Stoyanov, Rafael Dadaşov, rəhmətlik Yaşar Nuri, Əhməd Ağdamski və s. qadın obrazları yaradan sənətkarlar olub və var. Çox şadam ki, "Bu şəhərdə"nin iştirakı ilə olan konsertlərə və reklam carxlarına xalqın müxtəlif təbəqələri (fəhlələr, evdar qadinlar, polislər, taksi sürücüləri, həkimlər, bankirlər, jurnalistlər, deputatlar və s. ) nəinki baxır, həm də müzakirə edirlər. Bu bizim reytinqdən və baxımlı olmagımızdan xəbər verir. Ola bilsin, elə bu səbəbdən respublikanın bir nömrəli konsert salonuna - Heydər Əliyev Sarayına rekord sayda tamaşaçı toplayan məhz bizik.
Sizin məntiqlə, əgər Həcc ziyarətində olan aktyorlar alkoqolizmdən əziyyət çəkən ya narkoman obrazını yaratsa, dönüb özləri alkoqolik, ya da narkoman ola bilər. Bu isə müsəlmana günahdır. Sizin məntiqin ardı olaraq, eləcə də bu aktyorlar qadın (qayınana, gəlin, baldız və s.) obrazları yarada bilməzlər. Çünki bu kişi aktyor birdən dönüb olar qadın və bu da günahdır. "Bu şəhərdə"nin obrazları cinsindən asılı olmayaraq, kişi kimi sözün düzünü deyirlər, yalan danışmırlar. Bizim konsertlərdə olan zarafatlar hansısa məqamlarda gülməli olmaya bilər, amma bu zarafatda hec vaxt yalan ola bilməz. Sizin məntiqlə Rəfael və Coşquna rüşvətxor insan və ya seçicilərinə yalan vədlər verən millət vəkili obrazlarını da yaratmaq günahdır. Çünki dönüb onlardan biri ola bilərlər".

Onu da əlavə edim ki, artıq "Bu şəhərdə"nin müdafiəsinə qalxan müğənnilərimiz də var. Onlardan biri və ya elə birincisi əməkdar artist Aybəniz Haşımovadır.

"Rəfael-Coşqun Azərbaycanın çox dəyərli və istedadlı aktyorlarıdır. Düşünürəm ki, aralıqdan yığışrıdılasılar Rəfaelnən Coşqun deyil. Azərbaycan musiqisini qara günə qoyan, var-dövlət xatirinə musiqimizə özbaşınalığı, hərc-mərcliyi gətirən bütün günü efirləri öz qalmaqalları ilə zəbt edənlərdir. Rəfael və Coşqun isə xalqa xidmət edirlər, mənim əzizlərim. O ki qaldı onların obrazlarına, onlar aktyordur və səhnədə elə qadın aktrisalar var ki, kişi obrazı da oynayıblar. Misal üçün, Zərnigar Ağakişiyeva – Ramiz müəllimin yeni ssenarisi əsasında çəkilmiş "O olmasın, bu olsun" televiziya tamaşasında. Hörmətli tamaşaçılar və millət vəkilləri! Sənətkarı sevin və qoruyun! Onlardan gündə doğulmur."

Hazırda "Bu şəhərdə"nin aktyorları hədəfdədir. Onların həqiqətən də müdafiəyə, arxa-dayağa ehtiyacları var. Hələ ki, millət vəkilinin fikirlərinə etiraz edən müğənni Aybəniz Haşımovadır. Görəsən, özlərini "Bu şəhərdə"nin yaxınları kimi qələmə verən, hər il dəvətnamə paylanılan digər sənətçilər necə, bu məsələyə münasibət bildirəcəklər, yoxsa susmağa davam edəcəklər?

Könül Aypara

O.M.