
Nazir Elmar Məmmədyarov səfirlə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Prezidentinin Misirin BMT Təhlükəsizlik Şurasına namizədliyi məsələləri üzrə xüsusi nümayəndəsi səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidini qəbul edib.
XIN-dən daxil olan xəbərə görə, görüşdə Azərbaycan və Misir arasında ikitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğu qeyd olunub. İqtisadi-ticarət əlaqələrinin və turizm sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidi Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırdı. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün münaqişəyə dini çalarlar verməkdən belə çəkinmədiyini deyən nazir Elmar Məmmədyarov Azərbaycanın nümunəvi multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq təcrübəsinin olduğunu qeyd etdi. Mötədil İslam mədəniyyətinə malik ölkələr kimi Azərbaycan və Misirin İslamafobiya meyllərinə qarşı mübarizəsinin vacibliyini bildirib.
Mediainfo.az