Hacimət Səfərəliyev: “Rusiya hakimiyyəti imperiyanı güc yolu ilə bərpa etməyə çalışır”

Hacimət Səfərəliyev: “Rusiya hakimiyyəti imperiyanı güc yolu ilə bərpa etməyə çalışır”

4 Dekabr 2013 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada "Rusiya xalqlarının vahidliyinin möhkəmlənməsi yolları: millətlərarası və miqrasiya aspektləri" adlı elmi-praktik konfrans keçirilib.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Prezident hotel"də keçirilən tədbirdə çıxış edən Rusiya Dövlət Dumasının Millətlərin işi üzrə komitəsinin sədri Hacimət Səfərəliyev bildirib ki, Rusiyanın miqrantlarla bağlı sivil iş proqramı hələ də yoxdur: "Mən prezidentə təklif etmişəm ki, qanunvericilik baxımından miqrasiya və milli məsələyə eyni komitədə baxılmalıdır. Bu vacib iki məsələyə bir komitə baxsa, o zaman hökumətin layihələrinin effekti olar".

Sağ Qüvvələr İttifaqı (Soyuz Pravıx Sil) Ümumrusiya İctimai Hərəkatının prezidenti Leonid Qozman isə Rusiya hakimiyyətinin imperiyanı güc yolu ilə bərpa etməyə çalışdığını söyləyib: "Tarixdə milli birliyi qorumaq üçün iki metoddan istifadə edilib: güc və cəlbedicilik metodları. Xalqın birliyini zorla da saxlamaq olar, öz ölkəsini cəlbedici dövlətə çevirmək yolu ilə də. Bu gün biz öz imperiyamızı güc yolu ilə bərpa etməyə çalışırıq. Qonşularımızı başqa heç nə ilə cəlb edə bilmirik. Milli siyasətimizdə rus xalqına xüsusi önəm verməyimiz də doğru deyil. Unutmamalıyıq ki, bu ölkədə hansısa xalqın marağından danışmaq düzgün deyil. Rusiyada xalqın haqqından yox, insan haqlarından danışmaq daha düzgün olardı. Çünki Rusiyada yaşayan bütün vətəndaşlar bərabərhüquqludur".

Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə Məşvərət Şurasının üzvü Arif Paşayev bildirib ki, Orxan Zeynalova münasibətdə aparılan bütün kampaniyaya nümayişkaranə şou adı vermək olardı: "Çoxmillətli bir dövlətdə belə şou yolverilməz idi. Etnik azlıqlara qarşı bu kimi şoular əslində bizləri təhqir edir".

"Nəyə görə mən çeçen xalqının yaxşı olduğunu bütün ömrüm boyu sübut etməliyəm? Necə olur ki, bu gün Rusiyanın ərazi bütövlüyünü öz qanları bahasına qoruyan çeçenləri Moskvada arzuedilməz millət hesab edirlər?" - deyə konfransda çıxış edən Çeçenistan parlamentinin spikeri Dukuvaxa Abduraxmanov bildirib.

Tanınmış jurnalist Maksim Şevçenko isə çıxışında dövlət kanallarının informasiya siyasətini anlamağın mümkün olmadığını bildirib: "Media elə fon yaradır ki, daxildə yaşayan xalqlar bir-birinə düşmən kəsilir. Mən Ümumrusiya Dövlət Teleradio Şirkətini nəzərdə tuturam. Bu kanal büdcədən maliyyələşir, amma bu kanalda elə verilişlər göstərilir ki, onlara baxdıqdan sonra çeçen xalqını və yaxud digər xalqı düşmən gözündə görürsən. Bu siyasət çoxlu suallar doğurur və ən birinci sual budur ki, dövlətimizin bölünməsinə xidmət edən bu siyasətin müəllifləri görən hakimiyyətin hansı qanadında, hansı mərtəbəsində oturur?!"

Konfransın sonunda iştirakçılar müzakirələrin nəticəsi olaraq prezidentə ünvanlanan qətnamə qəbul ediblər. Qətnamədə milli problemlərin həlli yollarından biri kimi federal mətbuatda və televiziyada Rusiyada etnik azlıqlar və miqrantlar haqda müsbət yönümlü verilişlərin hazırlanmasının vacibliyi göstərilib.