Daha bir deputat Elşad Abdullayevin videosunda

Daha bir deputat Elşad Abdullayevin videosunda

2 Mart 2013 14:38
Bəyəndim (0) Bəyənmədim (0)
Söhbət Bəxtiyar Sadıqovdan gedir

Fəaliyyəti qadağan olunan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev ayrı-ayrı məmurları ifşa etməkdə davam edir. Sabiq rektor mətbuata açıqlamalarında onda ifşaedici videoların çox olduğunu da deyib. Moderator.az-a daxil olan məlumatda qeyd olunur ki, Elşad Abdullayevdə "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun da videosu var. Həmin videoda deputatla Elşad Abdullayev arasında təxminən 40 dəqiqəlik söhbət əks olunub. Söhbət 2005-ci il parlament seçkilərinə təsadüf edir. Danışıqlar zamanı Bəxtiyar Sadıqov bəzi məmurların da adını çəkir.
Bununla bağlı bizi bilgiləndirən mənbənin sözlərinə görə, "Azərbaycan" qəzetinin digər hakimiyyət mediası kimi Elşad Abdullayevi "vurmaması" da məhz bu amillə bağlıdır. Belə ki, ayrı-ayrı hakimiyyət qəzetlərində Elşad Abdullayevə qarşı aparılan kampaniya "Azərbaycan"da hiss olunmur. Buna səbəb isə Elşad Abdullayev Binəqədidən deputatlığa namizəd olarkən "Azərbaycan" qəzetinə külli miqdarda pul verməsi və orada hər gün təşviqat materiallarının yayılması olub.
ABU rektorunun bu videonu yayıb-yaymayacağı isə bəlli deyil.

Açıqlamasında isə Bəxtiyar Sadıqov Elşad Abdullayevlə görüşməsi barədə suala birmənalı cavab verməyib: "Mən nə deyim indi? Elşad Abdullayevlə nə barədə danışmışam? Mən bu barədə hər hansı bir suala cavab vermək istəmirəm. Qoy çəkiliş varsa, onu yaysınlar. Sonra danışmağa hazıram. Həmin çəkilişdəki fikirlərə aid suallarınıza cavab verməyə hazıram".

O.M.