Layihə
Elm və təhsilin inkişaf etdirilməsi
Azərbaycan təhsili şərəfli bir inkişaf yolu keçib

Layihə Elm və təhsilin inkişaf etdirilməsi Azərbaycan təhsili şərəfli bir inkişaf yolu keçib

17 Aprel 2020 10:41
Bəyəndim (1) Bəyənmədim (2)

Əvvəli ötən sayımızda

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə həyata keçirilən təhsil islahatları öz miqyasına görə dünyaya nümunə idi. Çünki dünya təhsili tarixində heç bir ölkə qısa müddətdə təhsil sahəsində belə böyük həcmdə islahatlar həyata keçirə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti isə o dövrdə, olduqca ağır və mürəkkəb bir şəraitdə təhsil sahəsini Avropanın təcrübəsinə əsasən quraraq Şərqdə müasir bir tədris sistemi qura bilmişdi. Bu sistemin əsasında isə Avropa təcrübəsinə uyğun olan, eyni zamanda Qərb və Şərqin müsbət ənənələrini özündə birləşdirən Azərbaycan təhsili modeli dayanırdı.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən islahatlar həm də mahiyyət etibarı ilə tolerantlığa və multikulturalizmə əsaslanırdı. Bu da təsadüfi deyildi. Tarixboyu türklərin xarakter etibarı ilə tolerant olduqları, fərqli dinlərə və məzhəblərə, dillərə, mədəniyyətlərə mənsub olan millətlərə münasibətdə bəşəri humanizm, insanpərvərlik, dostluq və qardaşlıq mövqeyindən çıxış etdikləri beynəlxalq səviyyədə də dəfələrlə vurğulanıb. Bu baxımdan türklərin müxtəlif səbəblər üzündən öz yurd-yuvalarını tərk etməyə məcbur olan yəhudilərə və digər millətlərdən olan əhaliyə qucaq açmaları həmişə rəğbətlə qarşılanıb. Türk millətinin damarlarında axan bu nəciblik, tolerantlıq qanı Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin fəaliyyətlərində də parlaq şəkildə özünü göstərməkdə idi. Bunu Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin mənən və ruhən demokratik dəyərlərə malik olmaları, insan haqlarına xüsusi hörmət göstərmələri, etnik azlıqlara münasibətdə hər hansı ayrı-seçkiliyə yol verməmələri də təsdiq edir. Belə ki, həmin dövrdə Azərbaycanda həyata keçirilən təhsil islahatlarında etnik, milli, dini azlıqlara hörmət və qayğı ilə yanaşılırdı. Yəni həmin dövrdə cümhuriyyət rəhbərləri tərəfindən məktəblərin maddi təminatı zamanı milli ayrı-seçkiliyə yol verilmir, rus, erməni, yəhudi və alman məktəblərinə də eyni həcmdə subsidiyalar, maliyyə yardımları ayrılırdı. Dini, milli, etnik sahədə özünü göstərən tolerantlıq siyasəti məktəblərdə tədris edilən dərsliklərdə də özünü parlaq şəkildə nümayiş etdirməkdə idi. Belə ki, həmin dövrdə fəaliyyət göstərən Bakı Kişi Gimnaziyasında da dünyəvi elmlər hesab edilən hüquq, fizika, təbiətşünaslıq, tarix, nəğmə dərsləri ilə yanaşı pravoslav, islam, lüteran və erməni-qriqorian məzhəblərini nəzərə alan dini dərslər tədrisinə də icazə verilmişdi.

Belə bir tolerantlıq nümunəsinə isə Avropada belə həsəd apara bilərdilər. Mübaliğəyə yol vermədən qeyd edək ki, Avropada belə bir tolerantlıq, demokratiya, fərqli dinlərə və millətlərə mənsub olan insanlara tolerant münasibət, multikulturalizm yalnız ötən əsrin 50-ci illərindən sonra özünü göstərməyə başladı. Azərbaycan bu baxımdan təhsil və digər sahələrdə həyata keçirilən islahatlar zamanı tolerantlıq və demokratiya sahəsində nümayiş etdirdiyi bəşəri humanizmlə dövrünü ən azı 30-35 il qabaqlamışdı. Necə deyərlər, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlarla dünyanın ən inkişaf etmiş dövlətlərinə demokratiya, tolerantlıq, multikulturalizm dərsi keçmişdi. Məsələnin bu tərəfinə diqqəti cəlb edən ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi demokratik islahatları yüksək dəyərləndirmişdir və onun bəşəri humanizmə söykəndiyini vurğulamışdı. Xüsusi ilə Azərbaycanda təhsil sahəsində keçirilən və demokratik ənənələrə söykənən islahatlar, elm və mədəniyyətin inkişaf etdirilməsinə cümhuriyyət rəhbərləri tərəfindən verilən belə böyük bir dəyər ulu öndər Heydər Əliyev tərəfindən müsbət qarşılanmışdı. Bununla bağlı ulu öndər Heydər Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən təhsil islahatlarında yetişməkdə olan gənc nəslin milli ruhda böyüməsi və tərbiyə edilməsi də diqqət mərkəzində saxlanılırdı. Gənc nəslin milli dövlətçilik, vətənə sədaqət ruhunda tərbiyə edilməsi məqsədi ilə məktəblərə tərbiyəçi ştatı ayrılmışdı. Tərbiyəçilərin qarşısına qoyulan əsas vəzifələrdən biri məhz milli ruhlu vətənpərvər gənclərin yetişdirilməsi, eyni zamanda Azərbaycan ailəsinə xas olan tərbiyənin, müsbət önəm daşıyan adət-ənənələrin qorunub saxlanılmasının təbliğ edilməsi idi. Bu baxımdan tərbiyəçilərin üzərinə böyük məsuliyyət düşürdü. Çünki əsl tərbiyəçi məktəbdə uşaqların sözün həqiqi mənasında mənəvi valideyni ola bilməyi bacarmalı idi. O, məktəbdə həm tərbiyəçi, həm müəllim, həm də valideyn funksiyasını həyata keçirməyə özündə qüvvə tapmalı idi. Lakin o dövrdə müəllim çatışmazlığı özünü hiss etdirdiyi kimi savadlı müasir dünya görüşünə malik olan tərbiyəçilər də çatışmırdı. Belə bir vəziyyətdə problemin aradan qaldırılması üçün tərbiyəçi funksiyasının həyata keçirilməsi məktəblərdə dərs deyən savadlı müəllimlərə tapşırılmışdı. Tərbiyəçi funksiyasını həyata keçirən müəllimlər dərsdən sonra müvafiq vaxtlarda şagirdlər arasında milli vətənpərvərlik ruhunda tərbiyəyə xidmət edən söhbətlər aparmalı, onları xalqa, elə, dövlətçiliyə xidmət əsasında tərbiyə etməli, yetişdirməli, gələcəyimizə hazırlamalı idilər. Qeyd edək ki, məktəblərdə tərbiyəçi funksiyasını həyata keçirən müəllimlər istər tədris prosesində, istərsə də dərsdənkənar vaxtlarda öhdələrinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdilər. Bununla bağlı bir məqamı da qeyd etmək zənnimizcə yerinə düşər. Belə ki, məhz məktəblərdə təlim-tərbiyə işlərinin yüksək səviyyədə qurulması nəticəsində Azərbaycanda vətənə, millətə, dövlətçiliyə ürəkdən bağlı olan vətənpərvər gənc nəsil yetişdi. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra onlar məhz milli-azadlıq mübarizəmizi uğurla davam etdirdilər. Həmin dövrdə onların çoxu həbsxanalara atılsalar belə, yenə də sınmadılar, sona kimi milli dövlətçilik ideyasına sadiq qaldılar və öz qəhrəmanlıq mübarizələrini davam etdirdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin diqqət mərkəzində olan önəmli məsələlərdən biri də məktəbəqədər müəssisələrin yaradılması idi. Bu məqsədlə Xalq Maarif Nazirliyinin qarşısına müvafiq vəzifələr qoyulmuşdu. Bu vəzifələrə uyğun olaraq Xalq Maarif Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrin yaradılması da planlaşdırmışdı. Lakin məktəbəqədər müəssisələrin yaradılması üçün maliyyə vəsaitinə ehtiyac duyulurdu. Belə bir maliyyə vəsaiti isə çatışmırdı. Ona görə də məktəbəqədər müəssisələrin yaradılması üçün müxtəlif yollara əl atıldı. Bu müstəvidə də imkanlı adamların öz vəsaitləri hesabına Xalq Maarif Nazirliyinin nəzarəti altında məktəbəqədər müəssisələrin açılması daha məqsədəuyğun hesab edilmişdi. Buna paralel olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlətin himayəsi altında olan uşaq bağçalarının açılması istiqamətində də müvafiq işlər həyata keçirildi. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də cümhuriyyət rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən 1919-cu il sentyabrın 1-də Azərbaycan Birinci Milli Qadın Gimnaziyasının nəzdində uşaq bağçasının açılması oldu. Maliyyə çatışmazlığına baxmayaraq 1919-cu il sentyabr ayının 1-dən həmin ilin dekabr ayının sonuna olan tarixə kimi uşaq bağçasının saxlanılması üçün dövlət büdcəsindən 30.939 rubl 33 qəpik ayrılmışdı. Necə deyərlər, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi məktəbəqədər təhsil müəssisəsinin açılmasına da münasibətdə dövlətçiliyimizin gələcəyinə xidmət edən milli maraqlarımızın təmin edilməsinə üstünlük vermişdi.

Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb.

Oxuməni.az

Digər xəbərlər