Metrolarda ticarət obyektlərinə icazə veriləcək

Metrolarda ticarət obyektlərinə icazə veriləcək

23 Yanvar 2015 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı metrosunun ərazisində sərnişinlərin hərəkətinə maneə törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcək.

Bunu "Apa"ya "Bakı Metropoliteni" QSC-nin Mətbuat katibliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N. Paşayev sözlərinə görə, bir neçə metro stansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur: "Lakin bunlar əvvəllər olduğu kimi, keçidlərdə ticarət obyektinin işləyəcəyi anlamına gəlməməlidir. Hazırda "Koroğlu" və eləcə də digər stansiyalarda bir neçə ticarət obyektinin fəaliyyət göstərməsinə icazə verilməsi məsələsi nəzərdən keçirilir. Lakin bu ticarət obyektlərində ancaq gül, kitab və ya aptek fəaliyyət göstərə bilər. Əsas məqsəd bu obyektlərin heç bir şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə mane yaratmamasıdır. Biz sərnişindaşıma işini icra edirik".

Qurum rəsmisi əlavə edib ki, "Koroğlu" metrostansiyasının çıxışında da bir ticarət obyektinin fəaliyyətə başlaması nəzərdə tutulub. İlkin versiyaya görə, burada kitab ticarəti ilə məşğul olmağa icazə veriləcək.

Mətbuat katibliyinin rəisi qeyd edib ki, metro keçidlərində ticarət obyektlərinin fəaliyyətinə icazə verilərsə, bununla bağlı müqavilələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlanacaq.

Mediainfo.az