
Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib
Bu gün Kürdəmirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Nazirlikdən apa-ya verilən məlumata görə, "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil edilən treninqdə biznes-ideyanın formalaşması və həyata keçirilməsi yolları, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Həmin gün Zaqatalada isə "Aqrar iqtisadiyyat", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq təşkil olunub. Tədbirdə iştirakçılara kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə məlumat verilib.