Sahibkarlıq müəssisələrində yoxlamalar yeni qaydalarla həyata keçiriləcək

Sahibkarlıq müəssisələrində yoxlamalar yeni qaydalarla həyata keçiriləcək

8 Yanvar 2014 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu ildən başlayaraq Azərbaycanda mövcud olan sahibkarlıq müəssisələrində yoxlamalar yeni qaydalar əsasında həyata keçiriləcək. Yeni qaydalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələblərinə əsasən tənzimlənir".

Bunu Apa -ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib. O bildirib ki, yeni qanunvericiliyə əsasən, ərzaq məhsullarının laborator müayinələri, müəssisələrdə sanitar-gigiyenik qaydalarla əlaqədar yoxlamalarla bağlı illik planlaşdırma aparılacaq. İ.Abdullayevin sözlərinə görə, yoxlamalar illik plana uyğun olaraq əsasən, insan sağlamlığı üçün təhlükəli ola biləcək xüsusi risk qruplu obyektlərdə aparılacaq: "Araşdırmaların nəticəsində meyarlar müəyyənləşəcək, obyektlər risk qruplarına (yüksək, orta və adi) bölünəcək və onlara əsasən növbəti yoxlamaların aparılacağı qrafik müəyyənləşəcək. Bu proseslərdə yerlərdə sahibkarların maraqlarının qorunmasına xidmət edir. Yeni qanunvericiliyə əsasən, yoxlama keçirildikdən sonra müəyyən nöqsanlar aşkarlanıbsa, onlara öz səhvlərini düzəltmək üçün müəyyən müddət veriləcək. Müəyyən olunan zamanda müəssisələri fəaliyyətlərindəki nöqsanları düzəltmədikləri halda onlara qarşı müvafiq cəzalar həyata keçiriləcək. Yüksək risk qruplarına daxil olan obyektlərdə yoxlamalar ildə 2 dəfə aparılacaq. Müəssisələrdə nöqsanlar aşkar olunduğu halda onlar aradan qaldırılana kimi yoxlamalar davam etdiriləcək".

İ.Abdullayev qeyd edib ki, sahibkarlıq subyektlərə getmədən onlara yoxlamaların aparılmasının səbəbləri barədə məlumat veriləcək. Mərkəz tərəfindən bu vaxta kimi il ərzində 10 minə yaxın yoxlama həyata keçirilib. Ancaq bu il ərzində müəssisələrdə yoxlamaların sayı aşkar olunan nöqsanlara əsasən məlum olacaq.