Ağ Evdən Ərdoğan-Bayden görüşü ilə bağlı açıqlama

Ağ Evdən Ərdoğan-Bayden görüşü ilə bağlı açıqlama

12 İyul 2023 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Baydenin Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində görüşü ilə bağlı Ağ Ev yazılı açıqlama yayıb. Co Bayden də sosial media hesabında “NATO Zirvəsi çərçivəsində Litvada prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüşmək çox gözəl idi” sözlərini paylaşıb.

Ağ Evdən verilən açıqlamada, Baydenin İsveçin NATO-ya üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi ilə bağlı İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberqlə əldə etdiyi razılaşmaya görə prezident Ərdoğanı təbrik etdiyi bildirilib.

Açıqlamada Ərdoğan və Baydenin ABŞ-Türkiyə Strateji Mexanizmi çərçivəsində son məsləhətləşmə görüşünü alqışladığı, liderlərin müdafiə və iqtisadi prioritetlər ətrafında fikir mübadiləsi apardıqları və ikitərəfli əməkdaşlığı gücləndirmək səylərini müzakirə etdikləri vurğulanıb.

Bəyanatda Bayden və Ərdoğanın Ukraynaya dəstək və Egeydə sabitliyin qorunmasının vacibliyi də daxil olmaqla ümumi maraq doğuran regional məsələləri də müzakirə etdiyi bildirilib.

Ağ Evin rəsmi Twitter hesabında edilən paylaşımda Ərdoğan və Baydenin bugünkü görüşünün fotosu paylaşılıb...

Murad Şahməmməd