Türkiyə İsveçin NATO üzvlüyünü ratifikasiya etməyə razıdır
Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO üzvlüyünə dəstək verməyə razı olduğu açıqlanıb.
Litvanın paytaxtı Vilnüsdə NATO-nun Dövlət və Hökumət Başçıları Zirvəsinə gedən prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonla görüşüb.
Görüşdən sonra açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya üzvlüyü ilə bağlı razılığın əldə edildiyini bildirib. Baş katib Türkiyənin İsveçin üzvlüyünə dair protokolu yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinə təqdim edəcəyini açıqlayıb.
Stoltenberq İsveçin NATO-ya üzvlüyü ilə bağlı razılaşmanı “tarixi gün” kimi qiymətləndirib.
Stoltenberq, "Bu gün əldə etdiyimiz razılaşma ötən il İspaniyada etdiyimiz razılaşmanın təsdiqidir. İsveçin üzvlüyünün təsdiqi ilə bağlı qərarı cənab Ərdoğan verib. İsveçin nə edəcəyi razılaşmada yazılıb" deyə bildirib.
Türkiyə ilə İsveç arasında ikitərəfli təhlükəsizlik mexanizminin qurulacağını açıqlayan Stoltenberq NATO tarixində ilk dəfə Terrorla Mübarizə Xüsusi Koordinatoru təyin ediləcəyini açıqlayıb.
İsveçin AB üzvlük prosesində Türkiyəyə dəstək vədi
İsveçin Gömrük İttifaqının yenilənməsi və viza rejiminin liberallaşdırılması da daxil olmaqla Türkiyənin Aİ-yə üzvlük prosesini fəal şəkildə dəstəkləyəcəyi də qeyd edilib.
Türkiyənin İsveçin NATO-ya üzvlük protokollarını parlamentə göndərəcəyi və onların təsdiqi üçün yaxından əməkdaşlıq edəcəyi bildirilib.
Bayden razılaşmanı alqışlayır
ABŞ prezidenti Co Bayden Türkiyənin İsveçin üzvlüyünü təsdiqləmə qərarını alqışladığını açıqlayıb. Baydenin bəyanatında deyilir: “Mən prezident Ərdoğan və Türkiyə ilə Avro-Atlantik bölgədə müdafiə və çəkindirməni gücləndirmək üçün işləməyə hazıram.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok bu qərarı "NATO Sammiti üçün yaxşı xəbər" kimi qiymətləndirib.
Murad Şahməmməd

















































































