İsrail Müdafiə Qüvvələri Cenin əməliyyatının başa çatdığını açıqlayıb

İsrail Müdafiə Qüvvələri Cenin əməliyyatının başa çatdığını açıqlayıb

5 İyul 2023 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində Cenin əməliyyatının başa çatdığını açıqlayıb. Hərbçilər minlərlə silah, bomba hazırlama materialları və pul anbarlarını müsadirə etdiyini bildiriblər. Silahlar həm yaraqlıların sığınacaqlarında, həm də mülki ərazilərdə, bir halda məscidin altında aşkar edilib. Döyüşlər zamanı bir israilli çavuş həlak olub.

İsrail iddia edir ki, Cenin son vaxtlar israillilərə qarşı hücumlar həyata keçirən və İsrail ərazisinə raket hücumları təşkil edən terrorçular üçün faktiki bazaya çevrilib.
İsrail qoşunlarının geri çəkilməsi zamanı Qəzza zolağındakı yaraqlılar İsrailə 5 raket atıblar, onların qarşısı alınıb.

Bir gün əvvəl Təl-Əvivdə "HƏMAS" yaraqlısı avtomobili insanların üzərinə sürmüş, bundan sonra yoldan keçənlərə bıçaqla hücum etmiş, 8 nəfər yaralanmışdı.

Bölmələrin çıxarılmasından əvvəl İsrailin baş naziri Benyamin Netanyahu deyib:

"Hazırda biz missiyanı tamamlayırıq və deyə bilərəm ki, Cenindəki geniş əməliyyatımız birdəfəlik əməliyyat deyil. Terrorun kökünü kəsmək üçün nə qədər lazımdırsa, yenidən əməliyyat keçirəcəyik və biz terroru harada görsək oranı vuracağıq”.


Fələstinli həkimlərin məlumatına görə, reyd zamanı 13 nəfər həlak olub, onlarla insan yaralanıb. Beynəlxalq humanitar təşkilatlar təcili yardım maşınlarına girişin məhdudlaşdırıldığını bildirir.

BMT Təhlükəsizlik Şurası çərşənbə günü Cenindəki vəziyyətlə bağlı qapalı məsləhətləşmələr keçirəcək.

BMT İsrailin əməliyyatının miqyasını pisləyib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə görə, zorakılıq yalnız daha çox zorakılıq doğurur.

E.Axund, Oxuməni.az