Bu payız günlər sənsiz gəldi, bu yaz güllər sənsiz açacaq...

Bu payız günlər sənsiz gəldi, bu yaz güllər sənsiz açacaq...

15 Sentyabr 2015 16:25
Bəyəndim (0) Bəyənmədim (0)
... Kaş ki görməyəydim onu belə...susmuş...dinməz...

Sentyabrın 13-də tanınmış mədəniyyət işçisi, əslən Masallıdan olan Azərbaycanın Xalq artisti İlham Əsgərovun 7-si oldu. Oktyabrın 16-da isə ölümündən qırx gün keçəcək...
MASALLI. ...Günəş zəif olsa da hava istidir, bürkülüdür. Mən qardaşım İbrahimlə Masallı rayonun Təklə kəndinə gedirik. Daha doğrusu ərazi vahidliyinin Xoşçobanlı kəndinə. Bu gedib çıxmaq çox vaxt aparır. Amma, mənim ürəyimdəndir. Bu ətraflar, "Çölkəndlər" Masallı Rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Rafil Hüseynovun diqqəti və qayğısı sayəsində son üç ilə yaxın müddətdə xeyli abadlaşıb. tanınmaz olub. Asfalt yolda şütüyən rahat maşınımızla kəndin lap axırına çatdıq. Bir qız uşağından hüzr yerini xəbər aldıq. - İlhamın hüzrü bir neçə ev arxadadır, geri qayıdıb görəcəksiniz. Kənddə qaz quraşdıranlar işləyir, ondan bir az aralıdır...

Qız deyən kimi etdik. Xırda körpünün üstündən keçib gedəndə kənd hüzründən qayıdan qadınlarla rastlaşdıq. Bildik ki, mağara qurulan yer Azərbaycanın tanınmış mədəniyyət işçisi İlham Əsgərovun ata evidir və bu gün, sentyabrın 9-da onun doğulduğu torpağa tapşırıldığının üçüncü günüdür. Burdakılar əsasən kənd adamlarından ibarət idi. Hüzrdə qocalarla bərabər cavanlar da əyləşib. Qardaşı bizi görən kimi əyləşdiyimiz stola yaxınlaşdı, Allahdan ona səbir dilədik. Zahir yorğun, həsrətli görünürdü bə məlumdur. Gözlərinə elə bil neçə vaxtın dumanı dolmuşdu və indicə dolub boşalacaqdı.
Hamı diqqətlə kənd axunduna qulaq asırdı. O, mərhum İlhamın səsində səslənən "Yusif peyğəmbər"dən danışırdı. Zahir qəmliliyimi, bir nöqtəyə baxdığımı hiss elədi. Mənim yadımda həmin 7 ilə çəkilmiş filmin rejissoru Fərəcullah Sələhşurun danışdığı söhbət gəlir. O deyir ki, m ən "Həzrət Yusif" teleserialının Azərbaycanda yayımına görə çox sevinirəm .Filmin rejissoru kimi serialın Azərbaycanda belə maraqla qarşılanmasından qürur hissi keçirirəm. Qismət olsa, Bakıya gəlib qonaqpərvər Azərbaycan xalqı ilə görüşmək istəyərdim. "Həzrət Yusif" serialı Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayımlanıb. Mən filmin Azərbaycan dilində dublyaj edilmiş birinci hissəsinə baxmışam. Bundan əlavə, filmin Azərbaycan dilində olan variantına baxanlar mənə deyiblər ki, yüksək səviyyədə dublyaj edilib. Açığı, film Azərbaycan dilində çox gözəl çıxıb. Bu mənim özümü də çox maraqlandırdı. Elə bilirəm ki, filmi həm tərcümə edənlər, həm də səsləndirənlər peşəkar olublar. Onlar Azərbaycan xalqına, mədəniyyət və film tarixinə yeni bir filmi hədiyyə ediblər. Bu hədiyyə həqiqətən çox qiymətlidir. Qismət olsa, Bakıya gələndə filmin Azərbaycan dilinə tərcümə edənlərlə və səsləndirənlərlə görüşəcəyəm.
Birdən xəyaldan ayrılıb düşünürəm ki, bu, İlhamsız olacaq. Axırıncı dəfə şöhrətli artistlə Bakıda keçirilən Masallı günlərində dostlarla birlikdə görüşüb söhbətləşmişdik. Demişdim ki, İlham sənə bir yazı borcluyam. Amma, sənət aləmində "Yusif peyğəmbərə" çatan yaratdığın heç nə olmayacaq. Əlbəttə, mən bu sözü ona başqa ölkə filminin özümüzünkü qədər güclü dublyaj olunmasını işarə edirdim, təsdiqlədi:

- Mən bu filmə, sənin səsinə rahat qulaq asa bilmirəm, hər dəqiqə ağlayıram. Səs söz necə də rəvan, açıq, aydın və məntiqli olar? Bizim dil necə saf və şəffafdır? - sonra mən dedim...
Ani xəyaldan ayrılıb Zahirə baxanda dedi:
- Ailədə 4 qardaş idik, indi ikimiz qaldıq. İlhamdan qabaq bir qardaşımız da rəhmətə gedib. Kənddəki adamlardan heç fərqimiz yoxdur. İlham qardaşımın bir yadigarı qaldı: yeganə qızı...Adamlar bizə təsəlli verir. Rayonun rəhbəri çox hörmətli Rafil müəllim də, Masallı rayonunun başqa ictimaiyyətçiləri də qardaşımızın ruhunu əziz tutur. Hamıya minnətdarıq...
Əlimdə gətirdiyim "Azad Azərbaycan" qəzetini, Masallı rayonunda Rayon icra Hakimiyyətinin təsisçiliyi ilə çap olunan həftəlik "Yeni həyat" qəzetini - İ.Əcgərovla bağlı xatirə yazısını və nekroloqlar nüsxələrini ona təqdim etdim, həyat yoldaşına və qızına çatdırmasını xahiş etdim. Zahir də arzuma əməl etdi...

xxx

Bu yazını hazırlayanda İlham Əsgərovun ayrı-ayrı sənət dostlarının da onun haqqında dediklərini bu yazıya əlavə etdim.

Əməkdar artist Aybəniz Haşımova qəfildən vəfat edən tanınmış aktyor, Xalq artisti İlham Əsgərova ürək sözlərini sosial şəbəkədə belə qeyd edib:
- İlham Əsgərovun evindən gəlirəm...Kaş ki görməyəydim onu belə...susmuş...dinməz...Qardaş, axı məni bu günlərdə təbrik etdin, dedin qocalasan, görüm nənə olasan... Bəs sən özün niyə qocalıb Baba olmadın?..Deməli, bir də sənin əvəzsiz, ruhumuza məlhəm olan səsini esitməyəcəyik?! Yanasan dünya... Yanasan səni...
Əməkdar artist Mehriban Xanlarova:
- Bu gün onun üç mərasimidir (9 sentyabrda oldu. Ə.Şükürov). Teatr kollektivi yığışıb gedəcəyik. Çox ağır itkidir.
İ. Əsgərovun tərəf-müqabili olan, 30 ildən çoxdur dostluq edən xalq artisti Ramiz Məlik :
Onun yeri hər zaman görünəcək. Ürəyimizdən qara qanlar axır. O cür oğlanı, o cür sənətkarı, o cür dostu, o cür mehriban bir insanı itirdik. Sentyabrın 18-də İlhamla "Qarabağnamə" tamaşasında tərəf müqabili olacaqdıq. O İbrahim xan, mən Cavad xan olacaqdım. Hər il İlhamla teatr mövsümünü "Qarabağnamə" tamaşası ilə açırdıq. Amma bu dəfə səhnəyə çıxmaq ona nəsib olmadı. İlhamın yoxluğu bizi çox yandırır. Heç bir şey deyə bilmədən sanki bir anda uçub getdi. Bizi ən çox yandıran onunla vidalaşmamağımız oldu...
İ. Əsgərovun sənət dostu, əməkdar artist Füzuli Hüseynov da onu ürək ağrısı ilə xatırlayır:
- İlham çox abırlı insan idi. Biz zarafatyana onun yanında ədəbsiz söz danışanda o qızarırdı, utanırdı. O içində əsəbiləşirdi, heç vaxt büruzə vermirdi. İlhamın səsini biz heç vaxt hündürdən eşitməmişdik... Allah ona rəhmət etsin. Hələlik "ruhu şad olsun" demirəm. Çünki biz gedib onun ruhunu şad edəcəyik.
Əməkdar artist Sənubər İsgəndərli isə İ. Əsgərovla uzun illər eyni teatrda çalışması, dostluq etmələrinə baxmayaraq, tərəf müqabili olmadıqlarına təəssüflənir: - Bu sənətə atdığım ilk addımdan İlhamı tanıyıram. 1988-ci ildən Akademik Milli Dram Teatrına gələndən İlhamla kolleqayıq. Qəribəsi odur ki, bu illər ərzində bir dəfə də olsun biz onunla tərəf müqabili olmamışıq. Eyni tamaşada oynamışıq, amma obrazların yolları kəsişməyib. Onun bir zarafatı vardı, bizim salamlaşmağımız həmin zarafatla olurdu. Deyirdi ki, - "boyu boyumdan, soyu soyumdan olan Sənubər, indiyədək niyə biz bir yerdə oynamamışıq?" Rəhmətə getməmişdən 3 gün əvvəl gördüm, yenə də o cür salamlaşdıq görüşdük. Bu illər ərzində onun əsəbiləşdiyini yalnız teatrda baş verən son hadisələrdə gördüm. Mən onu ömür boyu elə görməmişdim. Bu da onun haqsızlığa dözməməyindən irəli gəlirdi. Bu 5 il ərzində xəstələndi. Nə oldu, bu 5 ildə oldu. Keçən il iclasda ilk dəfə idi onun haqsızlığa dözməyərək səsinin yüksəldiyini eşitdim. Ömründə, həyatım boyu onun səsinin yüksəldiyini, kiminsə üstünə qışqırdığını eşitməmişdim, - Əməkdar artist Sənubər İsgəndərli belə deyir.

xxx

Yazıçı-jurnalıst Nurəddin Ədiloğlunun mənim poçtuma ünvanlanmış obrazlı yazısı da ürəyimi qopardı. Yazıya bir şəkil də əlavə edib. Yazıçı-jurnalıst yazır:

"İlhamın ölüm xəbəri şirin xəyalımın qol-qanadını sındırdı...
Səsiylə - sədasıyla Azərbaycanımızın dünənindən bu gününə körpü salan, boy-buxununda doğulub boya-başa çatdığı Masallımızın Dəmbəlov ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar idi İlham. Barəsində duyğularımı ipə-sapa düzüb, sağlığında dövrü mətbuatda, "Masallı-cənnət misallı" kitabımda dərc etdirmişəm. Amma indi o, bu dünyada olmayanda yazdıqlarıma baxıram və düşünürəm İlham haqqında nə qədər yazılsa yenə azdır.
...Bir də nədənsə xanəndələr həmişə "Apardı sellər Saranı" mahnısını oxuyanda, "Gedin deyin Xoşçobana, gəlməsin bu il Muğana!" sözlərini eşidəndə, gözümün önündə Xalq artisti İlham Əsgərov canlanır. İlhamın Muğan toylarında əlində mikrofon, Dədə Qorqudsayağı səsiylə, əzəmətiylə bəylə -gəlinə xeyir-dua verməsinın az şahidi olmamışam. "Xançoban" söz-sövqatıyla hər il Muğana gəlirdi... İnana bilmirəm. Təəssüf ki, doğma kəndi Xoşçobanlının da, Muğanın da, Azərbaycan da toy-büsatları söz-sənət aşiqi İlhamsız qaldı!.. İlham xeyir-duasıyla sanki müdrik, ağsaqqal babaların ruhunu yaşadırdı...
...Səhnədə Elçin Həşimovun tarı cuşa gəlir… Xanəndə Məsumun səsi pərdə-pərdə yüksəlir. İlham da qəzəl deyir. Dünyanın gözəlliklərindən zövq alır insan. Dağların hüsnünü örtmüş buludlar aram-aram seyrəlir. Dəmirağac meşəsinə haray düşür, ün düşür: "Dünya yaşamalı dünyadır, qardaş!" misraları ruhlara sığal çəkir.
İlhamın səsi neçə-neçə səs dalğasında öz ahəngi, öz rəngi, avazı ilə tanınır... Bu səs çalarında neçə-neçə ölməz ustad sənətkarın, cəngavərin obrazı göz önündə canlanır. Yaddaşlara qətrə-qətrə hopur Babək qüruru, Nizami zirvəsi, Füzulinin qəm karvanı, Nəsimi dəyanəti, Xətainin qılınc və söz sərkərdəliyi... İlham, obrazlı tərzlə desək, ta qədimdən üzü bəri yaranan poeziyamızın vuran nəbzi, döyünən qəlbi idi...
İlhamlı günlərdə - hər dəfə onu səhnədə, efirdən səsini eşidəndə şirin xəyala dalırdım... Günlərin bir günü Kazım Ziya sənətini yaşadan xalq artisti İlham Əsgərov Dədəm Qorqudsayağı səsiylə elimizə - obamıza QƏLƏBƏ müjdəsi verəcək... İlahi, zəfər təranələri ilə süslənən Azərbaycan İlhamın qələbə müjdəli səsiylə necə də möhtəşəm görünərdi.... Taleyin və tarixin min cür sınağına sinə gərən Qarabağ eli bayram libasına bürünərdi. Pərən-pərən düşmüş insanlar yurd yerlərinə dönərdi. İlhamın səsi Azadlıq meydanına nur çiləyərdi: "Gözün aydın, Azərbaycan!.." Amansız ölüm xəbəri xəyalımın qol-qanadını sındırdı...
Tarixçılərin yazdığına görə qədim Muğan cəngavərləri boylu-buxunlu olublar. İlham səhnədə də, həyatda da mənə o qədim cəngavərləri xatırladırdı:
- Ehey, siz niyə belə cırlaşmısınız? - deyir, - Niyə bir-birinizdən aralı düşmüsünüz? Çiyinlərinizi bir-birinə söykəyin, qardaşlar, bir olun! Yurdumuzun nicatı bizim birliyimizdədir...
Sənin sənətinə, şəxsiyyətinə və ruhuna ehtiramla, Nurəddin Ədiloğlu, yazıçı-jurnalıst"

xxx

Daha nə yazım? Bu payız günlər sənsiz gəldi...Sentyabrın 13-də tanınmış mədəniyyət işçisi, əslən Masallıdan olan Xalq artisti İlham Əsgərovun 7-sidir. Allah rəhmət eləsin...

Gəldiyim yolları geri qayıdanda ürəyim doluydu. Dəmiryoluna çatanda İlhamın ata evindən uzaqlaşırdıq. Qıəlbimi romantik bir aləm bürüdü. Fikirləşdim ki, İlhamın uşaqlığı bu aləmdə keçib, bir-birimizlə bir az aralı kənddə böyümüşük. O da heç birimizdən fərqlənməyən bir uşaqlıq həyatı yaşayıb. Məktəbə gedib, məktəbdən qayıdıb və o da bu yerləri görüb, amma, bizdən fərqli, bizdən yaxşı duyğusu olub, sənətdə tanınıb. Dostluqda sədaqətli olub. Nurani sifətiylə baxışları və üzündəki yaraşıqlı qara xalı sehrli gözləriylə bir həmahənglik yaradırdı. Az adam olardı ona yuxarıdan aşağı baxsın. Allah ona uca qamət də vermişdi. Amma, qoruya bilmədik onu, neyləmək gərəkdir? Heyf səndən İlham! 58 nə yaşdı ki?.. Hələ arzuları, istəyi, balası vardı. Bəs onlar? Ürəyimdə hacandan qalan "Sağlığında qiymət verin insanlara" şeirini pıçıldayıram( müəllifi müasir Azərbaycanın söz ustası ölməz Cabir Novruzundur. Allan onu da rəhmət eləsin!)...
Əlihüseyn ŞÜKÜROV