Sanıram ki, dünəndi bu - Şahməmməd-65

Sanıram ki, dünəndi bu - Şahməmməd-65

10 İyul 2012 19:46
Bəyəndim (0) Bəyənmədim (0)
Şair-publisist Şahməmməd Şahməmmədov 65 yaşını qeyd etməyə hazırlaşır

Hörmətli oxucu, Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuşdur. 5 yaşında I sinfə getmişdir. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirib, Ağsu rayonunun Səfərli və Ərəbuşağı kənd­lərində 2 il müəllim işləmişdir. Sonra Uzaq Şərqə əsgəri xidmətə getmişdir. Hərbi mükəlləfiyyətini başa vurduqdan son­ra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. ADU-nun hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda fəaliyyətini respublikanın hüquq-mühafizə orqanları ilə bağlamışdır. 1982/84-cü illərdə SSRİ DİN-nin Moskva şəhərindəki akademiyasında təhsil almışdır. Bir sıra məsul vəzifələrdə işləmişdir. Serjant rütbəsindən polkovnik rütbəsinə kimi yüksəlmişdir. Bütün bu illər ərzində bədii yaradıcılıq bir an belə olsun onu tərk etməmişdir.

Hörmətli oxucu, o, 50 ildən çox yaradıcılıq yolu keçmişdir. Nəyi görmüşsə, nəyi eşitmişsə, hansı məqamlar duyğularına öz bədii təsirini göstərmişsə, yalnız onları qələmə almışdır. Şairi həmişə Allahın ucalığı, Onun möcüzələri, təbiət, insanlar düşündürmüşdür. Şahməmmədin "Dağlar, səndə nəyim qaldı", "Настало время (Vaxt yetişib)", "Sevməsəydim, yaşamazdım", "Xatirələr ocağının işığında", "Çaylar geri dönmür", "Həyəcan dolu beş il", "Yerlə Göy arasında", "Ləngəbiz", "Bakı polisi: qısa tarixi və müasir dövrü 1840-2005", "İldırımlar qanadında", "Yollar", "Bu gün açılacaq yaylım atəşi", "O sevgini unutmaq olmur", "Nəğmələr dünyası", "+994552010290", "Şahməmməd 2006", "Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" kimi kitabları işıq üzü görmüşdür. 2009-cu ildə "Seçilmiş beş cildlik əsərləri" çap olunmuşdur. "Bahar çiçəkləri", "Dünyamız ağ göyərçin", "Pyeslər" kimi almanaxlarda əsərləri dərc olunmuşdur. Heydər Əliyevə həsr olunmuş əsərlər toplusundan ibarət "Azərbaycan oxusun" adlı kitabda dahi liderə həsr etdiyi "Karvan" poeması, "Azərbaycan, bir də Heydər" şeiri ilə siz oxucuların görüşünə gəlmişdir. Bir sıra kitablara redaktorluq etmiş, ön söz yazmışdır.

Şahməmməd ədəbiyyata hay-haraysız gəlmişdir. Mətbuatda "Çiçəklər" adlı ilk şeiri 1966-cı ildə, hələ tələbə ikən çap edilmişdir. Şahməmmədin bir sıra şeirləri rus, fars dillərinə tərcümə edilərək çap olunmuşdur. O təkcə şair deyil, həm də publisistdir. 50 ildən çox yaradıcılıqla məşğul olan Şahməmmədin poetik deyimləri bu gün də tutarlıdır. Onun yaradıcılıq xəritəsi genişdir. Bu da onunla bağlıdır ki, Şahməmməd dünyanın bir çox ölkələrində olmuş, çox gəzmiş, çox görmüşdür. Gördüklərini isə qəlbinin hökmü ilə qələmə almış, söz çalarlarına qataraq bizə çatdırmışdır. Dili şirindir, kövrəkdir, duzludur. Sözdən heykəl yaratmağı bacarır. Onun əsərlərini oxuduqca sözün işığında əriyirsən, kökü suda olan ağaclar kimi dincəlirsən.

Onun haqqında ədəbiyyatımızda özünəməxsus yeri olan şair İlyas Tapdıq, şair-publisist Əli Rza Xələfli, İsgəndər Etibar, Zülfüqar Şahsevənli, filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli, Dövlət mükafatı laureatı Məstan Günər, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Taisoğlu, filologiya elmləri doktoru Seyfəddin Rzasoy, nizamişünas, yazıçı-dramaturq Ramiz Əkbər, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Xəyal, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şahrza Ağayev, Əməkdar mədəniyyət işçisi, publisist Zeynal Babayev, jurnalist Emin Axund, yazıçı-jurnalist Emil Tahiroğlu və s. mətbuat səhifələrində öz fikirlərini söyləmiş, Şahməmmədə bir şair-publisist kimi müxtəlif prizmalardan öz dəyərli qiymətlərini vermişlər. Ədəbiyyatşünas-tənqidçi, alim Qurban Bayramov isə Şahməmmədin yaradıcılığı haqqında geniş həcmdə monoqrafiya yazmışdır.

Artıq Şahməmməd 65 yaşın içindədir. O, "Sanıram ki, dünəndi bu" şeirində keçmişinə nəzər salaraq yazır ki, illərin nə vaxt, necə gəlib keçdiyini hiss etməyib. Bir də baxıb ki…

Şahməmmədə xoşbəxtlik, səadət, yaradıcılıq uğurları arzu edirəm! İnanıram ki, o, ədəbiyyatımıza yeni-yeni qiymətli əsərlər bəxş edəcək.

Müğənnilərimiz – M.Bağırzadənin, F.Kərimovanın, Z.Məmmədovanın, F.İbadovanın, C.Məmmə­dovun, T.Vəlizadənin, E.Şirvanlının, Y.Mustafayevin, B.Əşrəfovun, T.Eyvazoğlunun, E.Rəhimovanın, Y.Babayevanın, B.Mehdiqızının, aşıqlardan V.Mahmudoğlunun və s. ifa etdiyi 30-a yaxın mahnının sözlərini məhz Şahməmməd yazmışdır. O, Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvüdür. "Qızıl qələm", "Araz" ali-ədəbi, "Zərdabi" mükafatlarının diplomuna layiq görülmüşdür. Cəmiyyətimizdə ictimai qaydaların qorunmasında bir polis zabiti kimi yaxından iştirak etmişdir. Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur.

Tutduğunuz yolda sizə ürəyinizdən keçənləri diləyirəm, Şahməmməd müəllim!

Natiq Qocaman

O.M.