Bu gecə Bakıda ağır yol qəzası baş verdi
Ötən gecə Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Apa TV-nin məlumatına görə, hadisə Bəkir Çobanzadə küçəsində baş verib. Qəza nəticəsində üç nəfər ağır xəsarət alıb. İlkin məlumata görə, Çobanzadə küçəsi ilə hərəkətdə olan "Opel" markalı minik avtomobili restoranlardan birinin qarşısında dönmə əməliyyatı edib. Bu vaxt yüksək sürətlə hərəkətdə olan "LADA" markalı minik maşını yolda şaquli vəziyyətdə olan "Opel"ə çırpılıb. Zərbədən sonra "LADA"nın sürücüsü idarəetməni itirib və maşın restoranın hasarına dəyib və dayanıb.
Qəza nəticəsində üç nəfər - 26 yaşlı Heydərov Elçin Elmar oğlu, 22 yaşlı Dünyamalıyev Əfqan Əvəz oğlu və 27 yaşlı Umudov Bəhruz Rasim oğlu xəsarət alıb. Yaralılardan ikisi ətrafdakı vətəndaşların köməyi ilə maşınlardan çıxarılsa da, "LADA"nın sürücüsü deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat verilib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər sürücünü maşından çıxarıblar və yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Mediainfo.az