“Polislər”in məhkəməsi yekunlaşdı
Bakı Ağır Cinayətlər Məhkəməsində özlərini narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları kimi təqdim edərək quldurluq cinayəti törətməkdə ittiham olunan peşəkar boksçulardan ibarət mütəşəkkil dəstənin məhkəməsi başa çatıb.
Məlumata görə, 2012-ci il sentyabrın 1-də Zabrat qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin işçisi Qəhrəman Orucov kassadakı pulları banka apararkən Zöhrab Quliyev, Babək Həsənov, Röyal Məmmədov və Xəyyam Quliyev onun qarşısını kəsib. Həmin şəxslər Qəhrəman Orucova özlərini narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları kimi təqdim ediblər və onlarla polis bölməsinə getməyi tələb ediblər. Onlar taksiyə minərək metronun "Koroğlu" stansiyasının yaxınlığına sürdürüblər. Orada maşından düşərək Qəhrəman Orucovu sakit bir yerə aparıblar. İnsanların olmadığından istifadə edən Babək Həsənov Qəhrəman Orucova zərbə endirib. Huşunu itirərək yerə yıxılan zərərçəkmişin üzərində olan 35 min manat pulu götürərək aradan çıxıblar.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbir nəticəsində cinayəti törətmiş Zöhrab Quliyev, Xəyyam Quliyev, Röyal Məmmədov və Babək Həsənov həbs ediliblər. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.
Zöhrab Quliyev əvvəllər Qəhrəman Orucovun işlədiyi yanacaqdoldurma məntəqəsində çalışıb və oradan hər gün pulların banka aparılmasından xəbərdar olub. Babək Həsənov isə peşəkar boksçudur. O, boks üzrə Avropa çempionu olub.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Babək Həsənov 12 il, Zöhrab Quliyev, Röyal Məmmədov və Xəyyam Quliyev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.