Azərbaycanda 19 dekabrın kriminal xronikası

Azərbaycanda 19 dekabrın kriminal xronikası

20 Dekabr 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 30-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Qonşusu Nizami Əliyevi qətlə yetirmiş Ağcabədi rayonunun Boyad kənd sakini Əli İbrahimov tutulmuşdur

19.12.2012

Dekabrın 19-da Ağcabədi rayonunun Boyad kəndi ərazisində, kənd sakini Əli İbrahimov münaqişə zəminində qonşusu Nizami Əliyevə balta ilə xəsarət yetirib, hadisə yerindən qaçmışdır. Xəstəxanaya yerləşdirilmiş N.Əliyev orada ölmüşdür. Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ə.İbrahimov tutulmuşdur.

Arvadı Lətafət Ağayevanı qətlə yetirmiş Lənkəran rayonunun Tükəvilə kənd sakini Fuad Kəlbiyev tutulmuşdur

19.12.2012

Dekabrın 19-da saat 09.25 radələrində Lənkəran rayonunun Tükəvilə kəndində, kənd sakini Fuad Kəlbiyev evində, qısqanclıq zəminində arvadı Lətafət Ağayevaya bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş L.Ağayeva orada ölmüş, F.Kəlbiyev Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Avtomaşın qaçırmış Masallı rayon sakini Yusif Yusifov avtomaşınla birgə saxlanılmışdır

19.12.2012

Dekabrın 19-da saat 09.30-dan 12.00-dək olan müddət ərzində, Nizami rayonu ərazisində yaşayan Saleh Allahyarova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər, "102" Zəng Mərkəzi, Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Masallı rayon sakini Yusif Yusifov avtomaşınla birgə saxlanılmışdır.

Soyğunçuluq etmiş Qalib Aslanov tutulmuşdur

19.12.2012

Dekabrın 18-də saat 19.00 radələrində Sumqayıt şəhərinin 34-cü məhəllənin ərazisindəki telefon mağazasında, naməlum şəxs orada işləyən şəhər sakini Cavanşir Həsənxanova məxsus mobil telefonu masanın üzərindən götürərək qaçmışdır. Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etmiş Qalib Aslanov tutulmuşdur.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Fuad Abdullayev avtomaşınla birgə saxlanılmışdır

19.12.2012

Dekabrın 19-da saat 12.15 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini İnarə Əzimzadəyə məxsus "Hyundai İX-35" markalı avtomaşın qaçırılmışdır. Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakini Fuad Abdullayev avtomaşınla birgə saxlanılmışdır.

Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

19.12.2012

Dekabrın 19-da saat 17.00 radələrində Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində, rayon sakini Ramil Eyvazovun idarə etdiyi "VAZ-2106" və Masallı rayon sakini Tural Orucovun idarə etdiyi "Hyundai-Accent" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Eyvazovun sərnişini Gilə Eyvazova hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Bərdə rayonunun Mustafaağalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

19.12.2012

Dekabrın 19-da saat 20.00 radələrində Bərdə rayonunun Mustafaağalı kəndi ərazisində, Laçın rayon sakini Valeh Zeynalov "Mitsubishi-Pajero" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə maşındakı sərnişinlərdən - sürücünün 3 yaşlı nəvəsi Valeh hadisə yerində ölmüş, xəsarət almış - oğlu Talehə və gəlini Fərqanəyə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

19.12.2012

Dekabrın 19-da saat 19.00 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində, Sumqayıt şəhər sakini Şahbala Gülbalayev "Ford-Tranzit" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında dayanmış Xudat şəhər sakini Samir Muradova məxsus "BMW-320" markalı avtomaşına, daha sonra ağaca vurmuşdur. Nəticədə Ş.Gülbalayevin sərnişini Anar Hacıyev hadisə yerində ölmüş, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Şəmkir rayon sakini Fidayıl Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır

19.12.2012

Dekabrın 19-da saat 10.00 radələrində Bakının Nizami rayonu ərazisindəki avtodayanacağın gözətçi köşkündə, orada gözətçi işləyən Şəmkir rayon sakini Fidayıl Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.

Gədəbəy rayonunun Moruxlu kənd sakini Dilman Rüstəmovun evində yanğın baş vermişdir

19.12.2012

Dekabrın 19-na keçən gecə Gədəbəy rayonunun Moruxlu kəndi ərazisində, kənd sakini Dilman Rüstəmovun evində televizordan yataq dəstinə keçən yanğın baş vermişdir. Nəticədə yataq dəsti yanmış D.Rüstəmov və oğlu Elnur tüstüdən boğularaq ölmüşlər.

Avtomaşın qaçırmış Nardaran qəsəbə sakini Dilavər Fərəcov tutulmuşdur

19.12.2012

Abşeron RPŞ və DİN-in Kriminalistik Təhqiqatlar İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 23-də Müşfiq Heydərova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Nardaran qəsəbə sakini Dilavər Fərəcov tutulmuşdur.

Soyğunçuluq edib, hadisə yerindən qaçmış Kamal Xankişiyev tutulmuşdur

19.12.2012

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də Nəzakət İsmayılovaya qarşı soyğunçuluq edib, hadisə yerindən qaçmış Kamal Xankişiyev tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Tapdıq İbrahimovun digər cinayət əməli də müəyyən edilmişdir

19.12.2012

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də Zaur İsayevə məxsus avtomaşından və Zahir Əmirova məxsus mağazadan oğurluq etmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Tapdıq İbrahimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun dekabrın 8-də Rəşad Osmanova məxsus qapı-pəncərə emalatxanasından və dekabrın 17-də Cahan Babayevaya məxsus mağazadan da oğurluq etməsi müəyyən edilmişdir.

Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 52140 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür

19.12.2012

Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi RPİ əməkdaşları tərəfindən ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan ümumilikdə 52140 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.

O.M.