Nursultan Nazarbayev "Xalq Qəhrəmanı" fəxri adından imtina etdi

Nursultan Nazarbayev "Xalq Qəhrəmanı" fəxri adından imtina etdi

10 Dekabr 2011 15:39
Bəyəndim (0) Bəyənmədim (0)
Ona bu adın verilməsinin təşəbbüskarı Qazaxıstanın Baş naziri Kərim Məsimovdur

İnterfax xəbər agentliyinin məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev onu "Xalq Qəhrəmanı" fəxri adı ilə təltif edəcək qanunu imzalamaqdan imtina etdi. Prezidenti "Халык Кахарманы (Xalq Qəhrəmanı)" titulu ilə mükafatlandıracaq qanun layihəsi parlamentdən keçmişdi. Parlament spikeri Kayrat Mami 8 dekabrda yerli jurnalistlər qarşısında mövzuya toxunarkən dedi: "Prezidentimiz ən yüksək ad olan "Xalq Qəhrəmanı" adına layiqdir. Bu həqiqət hamıya məlumdur. Məsələ dəfələrlə qaldırılsa da, Nursultan Abişoviç özünə xas təvazökarlıqla təklifdən imtina edib".

Lakin Qazaxıstanın Ədliyyə nazirinin müavini Duvlat Kustavletovun fikrincə, prezidentin fəxri adı qəbul etməməyə hüquqi cəhətdən səlahiyyəti çatmır. Çünki qanun Konstitusiyanın bütün tələblərinə cavab verir.

Xatırladaq ki,"Халык Кахарманы (Xalq Qəhrəmanı)" fəxri adı Qazaxıstan qarşısında görülən müstəsna xidmətlərə, ölkə müstəqilliyi naminə hərbi və ictimai işlərdə göstərilən şücaətə görə verilir. Fəxri adı alan şəxsə Qızıl ulduz və Vətən ordeni verilir.

Hal-hazırda "Xalq Qəhrəmanı" fəxri adının daşıyıcıları kosmonavt Talqat Musabayev, bəstəkar Nurqisa Tlendiyev, akademik Muxtar Əliyevdir.

Onu da qeyd edək ki, Nursultan Nazarbayevin "Халык Кахарманы (Xalq Qəhrəmanı)" fəxri adına layiq görülməsinin təşəbbüskarı Qazaxıstanın Baş naziri Kərim Məsimovdur.

Göründüyü kimi, Orta Asiya Avropadan və onun dəyərlərindən çox-çox uzaqdadır...

Sərvər Aslanov

O.M.