Hökumətdən 11 deputata zərbə: Milli Məclisdəki partiyaların pulu kəsilir
Hökumətin qənaət rejiminə keçid etməsi siyasi institutlarla, təşkilatlarla bağlı maliyyə məsələlərini də aktuallaşdırıb
Mətbuata rəsmi və qeyri-rəsmi, o cümlədən qeyri-hökumət təşkilatlarına ayrılan maliyyənin azaldılması növbəsi parlamentdəki siyasi partiyalara çatıb.
Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət yardımının məbləğinin aşağı salınması nəzərdə tutulur.
Ötən ilin büdcəsində kəsir, neftin ucuzlaşması və manatın dəyərdən düşməsi siyasi təşkilatlara dövlət yardımından da kəsməyi şərtləndirib. Yeni parlament üzvlərinin siyahısına əsasən, ən çox deputat mandatını yenə də hakim partiya qazanıb.
Belə ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 71 mandata sahiblənib. Təzə deputatların 42-si bitərəfdir. Qalan 12 mandat 11 siyasi partiya arasında bölünür.
Yeni Azərbaycan Partiyasl - 71 mandat,
Vətəndaş Həmrəyliyi Partiyası - 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1 mandat (Qüdrət Həsənquliyev),
Demokratik İslahatlar Partiyası - 1 mandat (Asim Mollazadə),
Böyük Qurtuluş Partiyası - 1 mandat (Fazil Mustafa),
Milli Dirçəliş Hərəkatı Partiyası - 1 mandat (Fərəc Quliyev),
"Ana Vətən" Partiyası - 1 mandat (Fəzail Ağamalı),
Vətəndaş Birliyi Partiyası - 1 mandat (Sabir Hacıyev).
Azərbaycan Sosial Rifah Partiyası - 1 mandat (Xanhüseyn Kazımlı),
Vəhdət Partiyası - 1 mandat (Tahir Kərimli),
Azərbaycan Demokratik Maarifçilik Partiyası - 1 mandat (Elşən Musayev),
Azərbaycan Sosial Demokrat Partiyası - 1 mandat (Araz Əlizadə),
Sonuncu üç partiya ilk dəfədir bu maliyyə dəstəyini əldə edib. Əvəzində parlamentdəki yerini itirən Ədalət Partiyası (İlyas İsmayılov) və Ümid Partiyasına (İqbal Ağazadə) verilən dövlət maliyyəsi kəsilib.
Postneft dövrü başlanıb, icra hakimiyyətlərinə dotasiyalar dayandırılıb, ixtisarlar gedir, bahalaşma dalğası bütün sahələri bürüyüb. Bu baxımdan siyasi təşkilatlara ayrılan maliyyə dəstəyinin də azaldılması nəzərdə tutulur.
Yada salaq ki, ötən həftə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Nəsimi rayonunda yerləşən ofisindən çıxmaq məcburiyyətində qalıb.
Asim Mollazadənin 10 ildən artıq bir müddətdə qaldığı ofis-villadan çıxmasına səbəb maliyyə çatışmazlıqları olub. Hətta, partiyanın qərargahında çalışan işçilərin maaşları da kəsilib.
Sadəcə, deputat bildirib ki, səbəb maliyyə çatışmazlıqları deyil, ofisin onları qane etməməsidir. A.Mollazadə işçilərin əmək haqlarının kəsilməsinə də aydınlıq gətirib:
"İşçilərin əmək haqlarının kəsilməsi xəbərləri tamamilə qeyri-dəqiq məlumatdır. Maaş alanlar öz əmək haqlarını almaqda davam edəcəklər".
Ölkədə mövcud olan böhran bütövlükdə dövlət sektorunu əhatə etməklə yanaşı, həm də günü-gündən dərinləşməkdədir.
Elə bir ailə yoxdur ki, bunu öz yaşamında hiss etməsin. Hətta böhranın mahiyyətindən doğan fərdi və kollektiv ictimai-siyasi təşəbbüslər də genişlənməkdədir.
Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında belə deyib:
"Azərbaycanda qeydiyyatdan keçmiş, lakin fəaliyyət göstərməyən partiyalar var. İmkanlı şəxs həmin partiyanın sədrinə müəyyən məbləğdə pul təklif edib, partiyanı alır.
Partiya sədri partiyanı alver predmetinə çevirir. Möhürünü isə imkanlı şəxsə təhvil verir. İmkanlı şəxs isə aldığı partiyanı dondurulmuş formada saxlayır.
Sabah lazım olanda həmin şəxs qurultay keçirir və partiya sədri olur. Belə olanda isə partiyanı yenidən qeydiyyata almağa ehtiyac qalmır". Komitə sədri vurğulayıb ki, Azərbaycanda fəaliyyətsiz partiyaların fəaliyyəti dayandırılacaq. (politika)
Mediainfo.az







































.jpg)






















































