SOCARın kran sürücüsünə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Kamil Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, K. Rzayev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, K. Rzayev Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Xüsusi Texnika dəstəsində 6-cı dərəcəli kran maşinisti işləyib. Ötən il iyulunda "Neft Daşları"nda estakadanın təmiri işlərini görərkən, Neft-Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma Bölümünün briqadiri Namik Məmmədovun icazəsiz olaraq, layihə ilə müəyyən olunmamış qaydada, yəni, dayağı bir dəfəyə çıxarıb, yerinin dəyişdirilməsi barədə göstərişindən sonra o, tələbləri pozub. Nəticədə borunun tarazlığının tənzimlənməsi üçün onun alt hissəsinə bağlanılmış kəndir Namik Məmmədovun ayağına dolaşıb. N. Məmmədov kəndirlə birlikdə kranın qülləsinə çırpılıb və o, hadisə yerində ölüb.
K. Rzayevə qarşı Cinayət Məcəlləsinin 222.3 maddəsi ilə cinayət işi başlanıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Mediainfo.az











































.jpg)


















































