Azərbaycanda anomal istilər başlayır
"Azərbaycanın coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir. Lakin son illər qlobal iqlim dəyişmələri ilə əlaqədar olaraq digər ölkələrdə olduğu kimi, Azərbaycanda da isti günlərin sayı artmaqdadır". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, son illər anomal isti günlərin sayı artıb: "İsti dalğaların davamiyyəti daha uzunmüddətli olub. Məsələn, ötən illərdə bir ay ərzində 40 dərəcəlik hərarət 2-4 gün olurdusa, indi isə anomal isti günlərin davamiyyəti 4-5 gün çəkir". U.Tağıyeva deyib ki, son günlər ərzində Azərbaycanda maksimal temperatur çoxillik norma ilə müqayisədə 5,3 dərəcə yüksəkdir. O, artıq uzun müddətdir, Azərbaycana cənubdan qızmar hava kütlələrinin daxil olması nəticəsində temperaturun gündən-günə yüksəldiyini deyib: "Eyni zamanda yer səthi üzərində hava şəraitini nisbətən alçaq təzyiq sahəsi təyin edir ki, bu da havada, xüsusən də axşam saatlarında durğunluğa səbəb olur. Havada oksigenin miqdarı bir qədər azalır. Bununla yanaşı, nisbi rütubət, xüsusən də axşam saatlarında normadan bir qədər yüksək olur. Həmin bu amillərin vəhdəti insanlarda, xüsusən də meteohəssas insanlarda narahatlıq hissi yaradır".
U.Tağıyevanın sözlərində görə, ETSN tərəfindən ölkə ərazisində anomal istilərin olacağı haqqında əvvəlcədən aidiyyəti orqanlara xəbərdarlıqlar edilir: "Bu gün aidiyyəti orqanlara növbəti xəbərdarlıqlar edilib. Xəbərdarlıqda göstərilir ki, avqustun 3-dək Azərbaycanda temperatur daha da yüksələcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 38-40, yarımadanın bəzi ərazilərində və Bakı şəhərinin bəzi yerlərində hətta 42 dərəcəyə çatacaq. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 38-42 isti olacaq, temperaturun bəzi yerlərdə 44 dərəcəyədək, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Yaxın günlər ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir".
U. Tağıyeva bu göstəricinin Azərbaycan ərazisi üçün rekord olmadığını da deyib. Yüzillik metroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə olub.
Günel Həbib