
Günel Mövludun atası açıqlama verdi: "Oğlanlarımın heç biri indəyə qədər narkotika qəbul etmirlər"
Günel Mövludun atası Vəzir İmanov musavat.com-a açıqlama verdi: "Məni qızıma görə işdən çıxardılar, amma bu dəfə..."
Oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları - Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb. Bu haqda Meydan Tv-yə yazarın atası Vəzir İmanov məlumat verib:
"Axşam saatlarında oğlum iş yoldaşlarıyla eyni maşında işdən evə gəlirmiş. İş yoldaşlarının mənə dediyinə görə, maşında 4 nəfər olublar. İş yerlərindən bir az uzaqlaşandan sonra polis oğlumun olduğu maşını saxlayıb və İmanov Vəkilin kim olduğunu soruşub. Oğlum özünü təqdim edəndən sonra onu Biləsuvar Rayon Polis Şöbəsinə aparıblar. Mən məlumatı alan kimi, şöbəyə getdim. Amma oğlumla görüşə bilmədim. Dedilər ki, yalnız sabah gəlib, onu görə bilərəm. Nəyə görə saxlanıldığını da demədilər".
Vəzir İmanovun söylədiyinə görə, digər oğlu Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıb: "Oğlum Raci İmanovun saxlanıldığını da ailəsindən öyrəndim. Onu Sumqayıtda saxlayıblar. Onun da nəyə görə saxlanıldığını bilmirik".
V. İmanov deyir ki, oğlanlarının heç birinin saxlanılması ilə bağlı ona polis bölməsindən xəbərdarlıq edilməyib.
Sumqayıt şəhərində yaşayan Raci İmanovun həyat yoldaşı Gülsu İmanova isə hadisəni belə şərh edib:
"Əvvəl Sumqayıtdakı 3-cü Polis Bölməsindən zəng vurdular. Racinin şəxsiyyət vəsiqəsini istədilər. Atam vəsiqəni apardı. Dedilər ki, onu artıq Sumqayıt Şəhər Polis Şöbəsinə aparıblar. Atamgil ora gediblər. Amma oradan deyiblər ki, vəsiqəsini sabah gətirsinlər. Nə saxlanılmasının səbəbini deyiblər, nə görüşə icazə veriblər. Deyiblər ki, sabah gəlib, görərsiz".
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: "Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır".
Musavat.com mövzu ilə bağlı Günel Mövluda müraciət etsə də, suallarına cavab ala bilməyib. Xanım yazar hazırda xaricdə, ailəsi ilə birgə yaşayır. O, bir müddət əvvəl sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və qohumlarından imtina etdiyini yazmışdı. Yazar qardaşlarının saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir: "Onlar siyasətdən uzaq, sadə insanlardır. Elə bir həyat tərzləri yoxdur ki, həbsə səbəb olsun".
Musavat.com-a müsahibəsində saxlanılanların və Günel Mövludun atası Vəzir İmanov son durum barədə danışdı:
- İndi gedirəm Biləsuvara. Az qalıb çatmağıma. Operativ qrup mənə deyib ki, sabah saat 11-dən sonra görüş verəcəyik sizə.
-DİN məlumat yayıb ki, oğullarınızın üzərində narkotik maddə olub.
- Onların heç biri indiyə kimi narkotik qəbul etməyib. Mən uzun illər Rusiyada olmuşam, narkotikin içində böyümüş adam olmuşam. Amma mənim uşaqlarım narkotik qəbul etməyiblər. İçki içiblər. İçməyiblər desəm, yalan olar. İndi bu uşaqların ikisinin də eyni gündə tutulması, polisə aparılması mənə də müəmmalı gəlir. Gecə saat 1-ə qədər polisdə oldum. Dedilər ki, sabah 1-də gələrsən, görüş verəcəyik. Onda bilərsən ki, nə məsələdir.
-Sizcə bu həbslər nə ilə bağlıdır? İlkin ehtimallara görə, "Meydan" TV-də çalışan qızınız Günel Mövluda görə baş verib. Sizin fikriniz nədir?
- Günelə görə mən işdən çıxdım. Daha doğrusu, dedilər ki, ərizə ver, öz xoşunla çıx. Mən də ərizəmi verdim, çıxdım. Yəni, əlavə söz-söhbət yaranmasın deyə, ərizəmi verdim. O vaxtdan qaldım pulsuz-parasız. Daha indi bu məsələ nədir, bilmirəm. Düşmüşəm bu məsələnin arxasınca. Axırda biləcəyik ki, Günellə əlaqəlidir, ya yox. Amma axşam Günellə danışdım. Ona da dedim ki, qızım, mən bilən sənlə əlaqəli deyil.
-Niyə elə düşünürsüz? Başqa ehtimalınız var?
-Əgər operativ qrup bunu yoldan tutub aparırsa, sonra da apardığı yerdə cibindən nəsə tapıb çıxarırsa... burda heç o qrupun da günahı yoxdur... İşdən çıxmağım Günellə bağlıdır. O biri oğlumu da Günelə görə çıxarmışdılar. Amma indi oğlanlarımın həbsi ilə bağlı məsələ Günelə görə deyil. Mən bu yaşımda yalan danışa bilmərəm.
-Hazırda oğlanlarınız harda saxlanılır?
-Biri Sumqayıtda, o biri Biləsuvarda.
-Vəkil tapmısız oğlanlarınıza?
- Aygün xanım var, o dedi ki, Günel sizə vəkil təşkil edib, vəkil 12-1-ə qədər polis bölməsinə gələcək. (musavat)
Mediainfo.az