
"Nar" kafesindəki kütləvi tutqu qumara görəymiş
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun işlətdiyi kafedə 20-yə yaxın məmur oğlunun həbs olunması ilə bağlı yeni təfərrüatlar əldə olunub.
Musavat.com-a daxil olan məlumata görə, nə qədər təkzib olunsa da, belə bir hadisə doğrudan da baş verib və kafenin sahibi Aynar Məmmədovla birlikdə deyilən sayda gənc polis bölməsinə aparılıb.
Əldə etdiyimiz xəbərə görə, buna səbəb kafedə qanunsuz qumar oyunlarının təşkil edilməsidir. Həbs edilənlərin adı çəkilən kafedə qumar üstdə yaxalandığı bildirilir.
Qeyd edək ki, "Qafqazinfo.az saytı da bu barədə xəbər yazıb. İlk xəbəri isə dünən "Azadlıq.info" saytı yaymışdı.
Əlavə olaraq qeyd edək ki, həmin şəxslər hazırda Mütəşəkkil Cinayəkarlıqla Mübarizə Baş İdarəsindədirlər, ancaq onların barəsində hər hansı bir cəza tədbirinin görüləcəyi gözlənilmir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən musavat.com-a göndərilən məlumatda, "Nar" kafedə polisin əməliyyat keçirdiyi rəsmi şəkildə təsdiqlənir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib, bu zaman 8 nəfər saxlanılıb. Onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib".
Mediainfo.az