Ərini məhkəməyə verdi - uşağa ad qoymaq üstündə
Azərbaycanda maraqlı olay yaşanıb. Arvad uşağa ad qoymaq üçün razılığa gələ bilmədiyi üçün ərini məhkəməyə verib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Elmar Süleymanov məlumat verib.
Qadın vəkilə müraciət edərək bildirib ki, əri ilə onun arasında uşağın adına görə mübahisə yaranıb: "Mən uşağa bir ad, ərim və anası isə ona ayrı bir ad qoymaq istəyirik. Onların dediyi addan heç xoşum gəlmir. Buna görə bir vəkilin yanına getdim, o da ərimdən məhkəməyə şikayət yazdı. Hakim 2-3 həftədən sonra şikayətimizi qaytardı ki, mən belə işə baxmıram. Həmin vəkili indi tapa bilmirəm. Nə məsləhət bilirsiniz".
E.Süleymanov isə cavabında belə hallarda adın müvafiq icra orqanı tərəfindən qoyulacağını bildirib: "Məhkəmə haqlı olaraq uşağın adına dair həyat yoldaşınızla yaranmış mübahisə ilə bağlı şikayəti geriyə qaytarəb. Məsələ bundadır ki, qanunvericiliyə əsasən, valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı ilkin olaraq məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həll olunur".