“İsmayıllı işi”ndə tutulanların apellyasiya məhkəməsi başlayıb

“İsmayıllı işi”ndə tutulanların apellyasiya məhkəməsi başlayıb

20 May 2014 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki Apellyasiya Məhkəməsində İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verilib. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası iyunun 5-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda yandırılan "Çıraq" hotelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb və məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. Tutulmuş və həbsə alınmış şəxslərə hüquq və vəzifələri izah edilib, eləcə də hər biri saxlanıldığı andan müdafiəçi ilə təmin olunub.

Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "REAL" Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Onu da qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "REAL" Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev, Anar Həsənov və Asif İbrahimovun hər biri 8 il, İlqar Məmmədov 7 il, Elşən Qurbanov 5 il 6 ay, Tofiq Yaqublu 5 il, Elşən İsmayıllı 5 il, Cəfər Cəfərov 4 il 6 ay, Qəmbər Ağamalıyev 4 il 6 ay Şükran Mehbalıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər isə şərti olaraq azadlıqdan məhrum olunublar.

Mediainfo.az