Həbsxanada anadan olan uşaqlar 3 yaşdan sonra analarından alınırlar
Cəzaçəkmə müəssisələrində doğulan uşaqlar 3 yaşdan sonra analarının əlindən alınır. Qadın həbsxanasında bu cür uşaq və analarla işləyən "Hüquq dünyası" təşkilatının psixoloqu Zümrüd Əkbərova apa TV-də efirə gedən "Sosium" verlişində bildirib ki, uşaq ananın əlindən alındıqdan sonra onda travmanın yaranmaması üçün lazımi psixoloji hazırlıq aparılmalıdır.
"Bizdə praktiki cəhətə xüsusi diqqət yetirilmir. Uşaq internata verilir və ya ailələrə göndərilir. Nə ailələr bu məsələyə həssaslıqla yanaşır, nə də dövlət tərəfindən lazımı iş görülür. Bu prosesə ciddi nəzarət yoxdur".
Psixoloqun fikrincə, həbsxanada ana və balanın ayrılıq prosesinə də praktiki cəhətdən lazımi hazırlıq aparılmır. Azərbaycanda təxminən 350-400 nəfərə yaxın dustaq qadın olduğunu deyən Zümrüd Əkbərova bildirib ki, bu qadınlarla cəmi 2 və ya 3 psixoloq işləyir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, həbsxanada doğulan uşağın 3 yaşınadək cəzaçəkmə müəssisəsində ana ilə birgə qalmaq hüququ var. Həmin müddət bitdikdən sonra uşaq ananın əlindən alınaraq ya ailə üzvlərinə, ya da internata verilir.
Mövzuya həsr olunmuş "Sosium" verilişini tam şəkildə http://apa.tv/video/7230 linkindən izləyə bilərsiniz.