Microsoft-un sabiq rəhbəri marixuana biznesinə başladı
Microsoft-un sabiq top meneceri Ceymen Şayvli şəxsi biznesini yaratmaq fikrindədir. O, kütləvi şəkildə marixuana becərmək və satışı ilə məşğul olmaq fikrindədir. CBS telekanalına istinadən ABŞ mətbuatının yaydığı məlumata görə, C.Şayvli növbəti il ərzində marixuana bazarında monitorinq keçirəcək və alacağı nəticələrə uyğun olaraq istehsala başlayacaq. Onun yeni şirkəti 19-cu əsrin sonlarında narkotik becərməklə məşhurlaşan ulu babası Dieqo Pelisyenin adı ilə əbədiləşəcək. "Marixuana, obrazlı desək, mənim qanımdadır", - deyə biznesmen zarafatyana tərzdə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, istehsal edəcəyi məhsul premium keyfiyyətli və bahalı olacaq. Yəni həddi-buluğa çatmış şəxslər ondan az miqdarda istifadə etməklə kifayətlənə biləcəklər.
Xatırladaq ki, 06 dekabr tarixindən etibarən ABŞ-ın Vaşinqton və Kolorado ştatlarında 21 yaşdan böyük vətəndaşlar marixuananı az miqdarda əkə, becərə, sata və istifadə edə biləcəklər. Belə ki, noyabrın əvvəllərində keçirilən ümumxalq səsverməsi zamanı adıçəkilən ştatların vətəndaşları qanunvericilikdə dəyişiklik edilməsinə nail olublar. Ehtimal olunur ki, təkcə Vaşinqton ştatında marixuanadan tutulacaq vergi ildə 400 milyon dollar təşkil edəcək.
Qeyd edək ki, Massaçusetsdə keçirilən referendumun nəticələrinə görə, bu ştatda marixuana ancaq tibbi məqsədlərlə istifadə oluna bilər. Oreqon və Arkanzas vətəndaşları isə bu yüngül narkotikin ümumiyyətlə istehsalına və istehlakına "yox" deyiblər.
Xatırladaq ki, Ceymen Şayvli Microsoft İT şirkətində 2003-cü ilin avqustundan 2009-cu ilin iyuluna qədər korporativ strategiya üzrə top menecer vəzifəsində çalışıb. Hazırda o, Findood.com. şirkətinin icraçı direktoru kimi fəaliyyət göstərir.
O.M.





























































































