Fevralın 1-dən etibarən dərslər  mərhələli şəkildə bərpa ediləcək

Fevralın 1-dən etibarən dərslər mərhələli şəkildə bərpa ediləcək

22 Yanvar 12:17
344
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 1-dən bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq.

Oxuməni.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası TN-in təkbaşına verəcəyi qərar deyil. Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbə hazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. Nazirin sözlərinə görə, iri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq:

“Fevralın 1-dən sonrakı növbəti iki həftə ərzində sonrakı təhsil pillələrində əyani tədrisin bərpası barədə qərarlar olacaq, yoluxma proqnozunu indidən vermək çətindir. Buna görə kifayət qədər ehtiyatlı addımlar atmalıyıq”.

Nazir deyib ki, sonrakı iki həftədə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir, amma bu, yoluxmadan asılıdır: “Metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Hazırda bütün inzibati ərazilərdə heç olmasa gün ərzində 1 yoluxma belə var. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə - yəqin ki, fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır. Tələsik açıb, tələsik bağlamaq istəmirik”.

Oxuməni.az