Ermənilərin Şimali Azərbaycana köçürülməsi tarixinə dair yeni kitab çap olunub

Ermənilərin Şimali Azərbaycana köçürülməsi tarixinə dair yeni kitab çap olunub

8 Dekabr 2020 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” adlı kitab rus və ingilis dillərində çapdan çıxıb.

Oxuməni.az-a Tarix İnstitutundan verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.

Yeni nəşrin müəllifləri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və qurumun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəflidir. Bu əsər institutun Elmi Şurasının qərarı ilə çap olunub.

Əsərdə qeyd edilir ki, XIX əsrin əvvəllərində çar Rusiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən həm Qacarlar İranından, həm də Osmanlı imperiyasından kütləvi surətdə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə başlandı. Bunun üçün burada öncə qanlı qırğın siyasəti yeridildi. Çar Rusiyasına xidmət edən erməni və gürcü əsilli zabitlərin – sisianovların, lazaryanların, melikyansların, madatovların vasitəsi ilə burada əliyalın azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirildi.

Kitabda ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri və digər sənədlərlə təkzibedilməz şəkildə sübut edilir. Kitaba, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar da daxil edilib. Nəşrdə yazılır ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” - “ağvan müsəlmanları”, “Alban Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.

Xatırladaq ki, Yaqub Mahmudov və Güntəkin Nəcəflinin bundan əvvəl “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” adlı kitabı da nəşr olunub.

Murad Şahməmmədov