Bakı məktəblilərindən maraqlı təşəbbüslər

Bakı məktəblilərindən maraqlı təşəbbüslər

10 Aprel 14:46
1 815
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxt məktəbliləri koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərir, fərqli təşəbbüslərlə çıxış edirlər. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, "Evdə qal, nümunə ol!" və digər bu kimi fikirləri ifadə edirlər.

Oxuməni.az-a BŞTİ-dən verilən məlumatda bildirilib videogörüntülərdə, həmçinin məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə də məlumat verir, fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar. Onlar doğma məktəb və sevimli müəllimləri üçün darıxdıqlarını, ənənəvi təhsilə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini də nəzərə çatdırırlar.

Qeyd edək ki, məktəblilərin aksiyasının əsas məqsədi əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruri olmadığı halda evdən çıxmamağa səsləməkdən ibarətdir. Şagirdlər Təhsil Nazirliyinin təşkilatçılığı ilə başlanan #evdəqal #dərsdənqalma sosial çağırışlarına da dəstək verir, teledərsləri izləyir və müəllimlərin təşkil etdiyi onlayn dərslərdə fəal iştirak edirlər.

Oxuməni.az